Baş həkim: “Uşaqlar və gənclər koronavirusu yüngül keçirirlər”

19:29 | 10 Aprel, 2020

“Uşaqların koronavirusa yoluxmadığını demək düzgün deyil, çünki onlar da yoluxur. Ümumiyyətlə, uşaqlar, gənc nəsil bu infeksiyanı adətən yüngül, çox zaman da simptomsuz keçirirlər”.

“Report” xəbər verir ki, bunu tanınmış uşaq cərrahı, hazırda koronaviruslu xəstələrin müalicə olunduğu Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasının baş həkimiRamiz Poluxov deyib.

O bildirib ki, TƏBİB-in açıqladığı məlumatında olduğu kimi, Azərbaycanda yoluxanlar arasında 2 yaşlı uşaq da var: “Bizim klinikada da 6 yaşlı uşaq müalicə olunur. Ona görə də uşaqlar koronavirusa yoluxmur demək doğru deyil. Yaşlı insanlar, digər əhalimiz kimi uşaqları da qorumaq lazımdır”.

Uşaq cərrahı əhaliyə müraciət edərək pandemiya dövründə planlı əməliyyatların təxirə salındığını vurğulayıb: “Təcili olmayan, planlı əməliyyatlara görə tələsmək olmaz. Koronavirus infeksiyasına qalib gələndən sonra o işlər də görüləcək”.

Baş həkim klinikada müalicə olunanların arasında ciddi ağır xəstə olmadığını, əksəriyyətinin vəziyyətinin stabil olduğunu deyib: “Koronavirus yeni bir infeksiyadır deyə, hələ tam öyrənilməyib. Bədənə düşəndə özünü necə apardığı tam məlum deyil. Bu, bədənin ümumi vəziyyətindən, yanaşı xəstəliklərdən asılıdır. Ona görə də hər hansı simptom olan kimi həkimə müraciət etmək lazımdır”.

Həkim virusdan qorunmaq üçün tibbi maska, əlcək taxmağı, sosial məsafə saxlamağı, əlləri tez-tez yumağı, lazım olmadıqda evdən çıxmamağı tövsiyə edib.

Facebookda şərh edin