Qax Dövlət Kukla Teatrı “Evdə qal” kampaniyası qoşularaq balacalara yeni tamaşalar edir – “Turp” və “Diş əhvalatı” tamaşaları

21:18 | 10 Aprel, 2020

Ölkədə tətbiq edilən xüsusi karantin rejimi çərçivəsində “Evdə qal” kampaniyasına qoşula Qax Dövlət Kukla Teatrının yaradıcı kollektivi balacaları sevindirməkdə davam edir. Evdə çalışan teatr kollektivi balaca tamaşaçılara onlayn tamaşalar təqdim edir.

Qax Dövlət Kukla Teatrında “Turp” rus xalq nağılı əsasında səhnələşdirilən eyniadlı tamaşa sosial şəbəkələrdə təqdim edilib. Rejissor, Əməkdar artist Yusif Abdurahmanovun quruluş verdiyi tamaşada əsas rolları Azər Kərimov, Araz Mehrablı, Afət Yaqubova, Elnarə Razıyeva və başqaları ifa edirlər. Tamaşanın rəssamı Mayis Abdullayevdir.

Sonra uşaqlara Osman Abdullayevin qələmə aldığı “Diş əhvalatı” hekayəsi əsasında səhnələşdirilən eyniadlı tamaşa təqdim olunub.. Teatrın rejissoru, Əməkdar artist Yusif Abdurahmanovun quruluş verdiyi tamaşanın rəssamı Mayis Abdullayev, musiqi tərtibatçısı Nərmin Fətəliyevadır. Tamaşada əsas rolları teatrın aktyorları Araz Mehrablı, Afət Yaqubova, Nuru Mustafayev və başqaları oynayırlar.

Qeyd edək ki, 1971-ci ildən Qax rayon mədəniyyət evinin nəzdində dərnək, 1976-cı ildən isə xalq teatrı kimi fəaliyyət göstərən teatra 1992-ci ildə Dövlət Kukla Teatrı statusu verilib. Teatr 2005-ci ildə Azərbaycan Teatr Xadimləri İttifaqının təsis etdiyi “Qızıl Dərviş” mükafatına layiq görülüb. Ötən illər ərzində Qax teatrı dəfələrlə respublikamızda, eləcə də xarici ölkələrdə keçirilən beynəlxalq festivallarda iştirak edib, uğur qazanıb.

Facebookda şərh edin