Qaxda çoban işlədiyi fermadan keçiləri oğurladı

15:05 | 29 Aprel, 2020

Qax Rayon Polis Şöbəsinə (RPŞ) rayonun Ləkit kəndində yerləşən fermadan cari ilin yanvar ayından aprel ayınadək olan müddət ərzində ümumi dəyəri 11 min manata yaxın olan 71 baş xırdabuynuzlu heyvanların oğurlanması barədə müraciət daxil olub.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan “Report”a verilən məlumata görə, daxil olan müraciət əsasında polis əməkdaşları tərəfindən keçirilmiş istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində 71 baş keçini oğurlayan şəxsin həmin fermada çoban işləyən Zaqatala rayonu Gözbarax kənd sakini Şirin Məmmədov olduğu müəyyən edilib.

O, şübhəli şəxs qismində saxlanılıb.

Ş.Məmmədov törətdiyi cinayət əməlini etiraf edib və keçiləri oğurlayaraq Qax və Zaqatala rayonlarında ayrı-ayrı şəxslərə satdığını bildirib. Əldə etdiyi pulu isə özünün əyləncəsi üçün xərcləyib. Polis əməkdaşları tərəfindən həmin heyvanları alan şəxslər də müəyyən edilib.

Faktla bağlı Qax RPŞ-də saxlanılan şəxs barəsində cinayət işi başlanılıb, istintaq aparılır.

Facebookda şərh edin