Bu il Qax rayonunda 17 subartezian quyusu qazılacaq

15:04 | 3 May, 2020

Azərbaycan Prezidentinin “Əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması və əhalinin içməli suya olan tələbatının ödənilməsinə dair əlavə tədbirlər haqqında” 2020-ci il 16 aprel tarixli Sərəncamının icrası olaraq, Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC tərəfindən bu il Qax rayonunda 17 subartezian quyusunun qazılması nəzərdə tutulub. Bu quyuların istismara verilməsi nəticəsində 28 min nəfərdən çox əhalinin yaşadığı 17 yaşayış məntəqəsində əkin sahələrinin və əkin üçün istifadə olunan həyətyanı torpaq sahələrinin suvarma suyu ilə təminatı yaxşılaşdırılacaq, həmçinin əhalinin içməli suya tələbatı ödəniləcək. Sərəncamın icrası olaraq, hazırda rayonun 6 yaşayış məntəqəsində – Güllük, Zərnə, Kiçik Alatəmir, Qıpçaq, Baydarlı və Qaradolaq kəndlərində yeni subartezian quyularının qazıntısı işləri davam etdirilir. Yaxın vaxtlarda digər yaşayış məntəqələrində də yeni quyuların qazılmasına başlanılacaq. Bu quyuların hamısının cari ilin sonunadək istismara verilməsi nəzərdə tutulur.

Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Şəki Subartezian Quyularının İstismarı İdarəsinin rəisi Sabir Əhmədov məlumat verib.

Qurum rəsmisinin sözlərinə görə, Prezident İlham Əliyevin imzaladığı “Əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması və əhalinin içməli suya olan tələbatının ödənilməsinə dair əlavə tədbirlər haqqında” sərəncamların icrası olaraq, Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC tərəfindən 2013-2019-cu illər ərzində Qax rayonunda 74 subartezian və artezian quyusu qazılaraq əhalinin istifadəsinə verilib. Bu quyulardan 14-ü ötən il qazılıb.

Qeyd edək ki, “Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə tədbirlər planında torpaqların su təminatının yaxşılaşdırılması üçün meliorasiya-irriqasiya işlərinin həyata keçirilməsinin davam etdirilməsi əsas istiqamətlərdən biri kimi nəzərdə tutulub.

Dördüncü Dövlət Proqramının icrasının birinci ilinin yekunlarına həsr olunan konfransda Prezident İlham Əliyev meliorativ tədbirlərin infrastruktur layihələri arasında önəmli yer tutduğunu vurğulayaraq deyib: “Təqribən 80 min hektar torpağa suyun verilməsi təmin edilib, 300-dən çox subartezian quyusu qazılıb. Bu proses bu il də davam etdiriləcək. Bu infrastruktur layihələri dövlət investisiya proqramı hesabına icra edilib. Bu, bir daha onu göstərir ki, ölkəmizin dayanıqlı inkişafı üçün gözəl zəmin yaradılır”.

Dövlətimizin başçısı 2020-ci ildə suvarma üçün 400-dən çox subartezian quyusunun qazılmasının təmin ediləcəyini diqqətə çatdırıb.

Facebookda şərh edin