Qaxın icra başçısı Musa Şəkiliyevin sədrliyi ilə onlayn müşavirə keçirilib

11:28 | 5 May, 2020

Qax Rayon İcra Hakimiyyətinin başçısı Musa Şəkiliyev inzibati ərazi dairələri üzrə nümayəndələrin və bələdiyyə sədrlərinin iştirakı ilə Azərbaycan hökumətinin koronavirus pandemiyasına görə təsdiqlədiyi yumşaldıcı Tədbirlər Planı ilə əlaqədar onlayn müşavirə keçirib.

“Report” xəbər verir ki, müşavirədə rayonda koronavirus pandemiyasına qarşı görülən işlər, xüsusi karantin rejimində məhdudiyyətlərin bir qisminin yumşaldılması barədə Operativ Qərargahın qərarından irəli gələn məsələlər, yerlərdə vəzifə borclarının icrası və dezinfeksiya işlərinin gedişi müzakirə olunub.

Müşavirədə rayonun yaşayış məntəqələrində koronavirus infeksiyasına qarşı təmizlik və dezinfeksiya işlərinin davam etdirilməsi, xüsusi rejimlə əlaqədar saxlanılan tələblərin, xüsusən də sanitar-epidemiloji tədbirlərin icrasına nəzarəti, karantin rejimi dövründə maddi yardıma ehtiyacı olan ailələrə, xüsusi ilə də yaşı 65-dən yuxarı olan tənha şəxslərə dəstək göstərilməsinin nəzarətdə saxlanılması ilə bağlı tapşırıqlar verilib.

Eləcə də rayon əhalisinin şəxsi gigiyenik qaydalara əməl etmələri, eləcə də əlcək və tibbi maskalardan istifadə etmələri barədə maarifləndirmə işlərinin aparılmasına, Operativ Qərargahın tələblərinə uyğun olaraq ictimai iaşə obyektlərində və digər yerlərdə 10 nəfərdən artıq qruplarda cəmləşmək, həmçinin kütləvi tədbirlərin keçirilməsinin qadağan olunmasına dair göstərişlər verilib.

Sakinlər ilə əlaqə saxlamaq, onların qayğıları və tələbləri ilə daha ciddi maraqlanmaq, vaxtında tədbirlər görmək, yerlərdə ictimai işlərdə çalışan şəxslərin fəaliyyətinə nəzarət və aztəminatlı ailələrə ərzaq yardımlarının verilməsində obyektivliyin gözlənilməsinə də toxunan Musa Şəkiliyev bu sahələrdə qanunazidd hallara yol verilməməsini ciddi surətdə tapşırıb.

Facebookda şərh edin