Qax sakinlərindən etiraz: “Yardım almayan bəzi insanlara deyilir ki, soruşsalar, deyin almışıq”

14:14 | 8 May, 2020

Azərbaycanda tətbiq olunan xüsusi karantin rejimi ilə əlaqədar, kasıb və aztəminatlı ailələrə dövlət qayğısı olaraq, ərzaq yardımları və sosial müavinətlər bir çox rayon və kəndlərdə ünvanlarına çatdırılmır. Bu kimi neqativ hallara Qax rayonunda da rast gəlinir. Bu barədə xəbər saytlarında və sosial şəbəkələrdə xeyli etiraz və narazılıqlara rast gəlinir.

Hətta ölkə başçısı cənab İlham Əliyev də bu barədə dəfələrlə xəbərdarlıq edib – “Eyni zamanda, əfsuslar olsun ki, biz bu vəziyyətdə milli xainlərin də üzünü gördük. Kasıbın malına, ərzaq payına göz dikən xaindir, bunun başqa adı yoxdur. Bu, oğurluq deyil, bu, kiçik bir cinayət deyil. Heydər Əliyev Fondu tərəfindən göndərilən ərzaq paylarına sahib çıxmaq istəyən vəzifəli şəxslərin hərəkətinə nə demək olar? Ancaq xəyanət. Mən demişəm, bir daha demək istəyirəm ki, bir çoxları pandemiyanı müharibə adlandırırlar. Müharibə, əslində, göz qabağındadır. Bu şəraitdə belə adamlara nə ad vermək olar? Ona görə bu adamların cəzalandırılması qaçılmazdır”. Bunu Prezident İlham Əliyev mayın 7-də Bakıda modul tipli ilk xəstəxana kompleksinin açılışında çıxışı zamanı deyib.

Bu kimi faktları işıqlandırdığımız üçün Qax rayon İcra Hakimiyyətinin rəhbərliyi özünün saxta trol dəstələrini Qax.org.az saytının sosial şəbəkələrdəki hesablarına müxtəlif tərif şərhləri yazmağa göndərir və guya belə təsəvvür yaradılır ki, Qax.org.az saytı rayon rəhbərliyinə böhtan atır və yazılanları ciddi cəhdlə təkzib etməyə çalışırlar. Halbuki, Qax.org.az saytına bu barədə çoxlu sayda şikayətlər daxil olmaqdadır.

Bu kimi faktlardan birini də Qax sakini Lətif Nurməmmədov özünün Facebook səhifəsində qeyd edib. Lətif bəyin bildirdiyinə görə, “Kəndlərdə yardımlar səlahiyyətli şəxslərin qohum-əqrabalarına, tanışlarına və dostlarına paylanır. Ehtiyacı olan bəzi insanlara utanmadan deyilir ki, soruşsalar, deyin almışıq. Yardım etmədən insanlardan yardım almış kimi imza cəkmələrini istəyirlər.”

Məsələ ilə bağlı Qax rayon İcra Hakimiyyətinin və yerli səlahiyyətli qurumların da mövqeyini dərc etməyə hazırıq.

Qax.org.az

Facebookda şərh edin