Qax polisindən uğurlu əməliyyat: 9 nəfərə qarşı dələduzluq edən şirkət rəhbəri hakim qarşısında

20:35 | 11 May, 2020

“Hilal Agro” şirkətinin rəhbəri külli miqdarda dələduzluqda təqsirləndirilir. 

“Yeni Sabah”ın məlumatına görə, Əhədov Viləş Ağaxan oğlu 9 məfərə qarşı dələduzluq etməkdə təqsirli bilindiyi üçün ona qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda dələduzluq etmə) maddəsi ilə cinayət işi başlanaraq baxılması üçüm Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib və hakim Azad Məcidovun icraatına verilib. İttiham aktına görə, 2011-ci ildə fəaliyyətə başlamış “Hilal Agro” şirkəti ət sektorunda heyvanların kökəldilməsi üzrə ixtisaslaşmış şirkət kimi fəaliyyətə başlayıb.

Belə ki, şirkətin rəhbəri Əhədov Viləş Ayxan oğlu, özü də daxil olmaqla bir neçə nəfərlə şəriklik edərək 500 min manat qarşılığında mal-qara almaq üçün sözləşib. Şəriklərdən Cem Ərsoy Səlcuk və Məmmədov Qaşqay adlı şəxs bu pulların bir qisminin istifadə olunmasını bildirsələr də, yerdə qalan 293 min manatın yoxa çıxdığı məlum olub. Məmmədov Qaşqay pulu Məmmədov Ələsgər və mühasib Sərdar və icraçı direktor Zaurun yanında bu vəsaiti Əhədov Viləşə verdiyini deyib. Bununla bağlı 2018-ci ildə 6 nəfər şəxs Əhədov Viləş Ayxan oğlu və Cem Ərsoy Səlcuk oğluna qarşı mülki qaydada iddia da qaldırıblar. Ancaq iş Ali Məhkəmədən baxılması üçüm Bakı Apellyasiya Məhkəməsinə qaytarılıb. Sonradan isə Viləş Əhədova dələduzluq maddəsi ilə cinayət işi başlanıb.

Həmçinin DİN Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, 2019-cu ilin iyun ayında Viləş Əhədov Qax Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən tutulub. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş 37 yaşlı Viləş Əhədov rayonun Qorağan kəndi ərazisində saxlanılaraq Polis Şöbəsinə gətirilib. Şəxsi axtarış zamanı onun əlindəki sellofan torbadan ümumi çəkisi 1 kq narkotik vasitə olan heroin və 500 qram metamfetamin aşkar olunaraq götürülüb. Davam etdirilən tədbirlərlə V. Əhədova həmin narkotik vasitəni satan şəxs də müəyyən olunub. Qax RPŞ və Nərimanov RPİ əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində həmin şəxs 55 yaşlı Hüseyn Məmmədov da Bakı şəhəri ərazisində saxlanılıb. Onun yaşadığı mənzilə baxış keçirilən zaman narkotik vasitə olan heroin və metamfetamin aşkar olunaraq götürülüb. V.Əhədov bir neçə il əvvəl ölkədə perspektivli iş adamı kimi tanınırdı. Əvvəllər “Azercell” şirkəti ilə tərəfdaş olan “VİER” MMC-nin direktoru olub.

Azər İsrafilov

Facebookda şərh edin