Qaxın məşhur oğrusu sevgilisi ilə birlikdə cinayət törətdi – MƏHKƏMƏ

18:04 | 13 May, 2020

Zaqatalada oğurluqda təqsirləndirilən Ziviadi Zurabaşvili, Eristo Lomaşvili və Şükufə Hacıyevanın cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

“Report”un xəbərinə görə cinayət işi baxılması üçün Zaqatala Rayon Məhkəməsinə göndərilib.

Hakim Tural Həsənovun icraatında olan iş üzrə hazırlıq iclasının vaxtı hələlik təyin edilməyib.

Qeyd edək ki, hadisə bu ilin fevral ayında baş verib.

Polisə müraciət edən Zaqatalanın Göyəm kənd sakini ona məxsus evdən qızıl-zinət və pulun oğurlanması barədə məlumat verib.

Zərərçəkmişə məxsus evdən təxminən 2 000 manat dəyərində qızıl-zinət əşyalarının və 450 manat dəyərində pulun oğurlandığı müəyyən edilib.

Keçirilmiş istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən şəxslərin Qax rayonunun Qaxingiloy kənd sakinləri, əvvəllər də oğurluğa görə məhkum olunmuş Ziviadi Zurabaşvilivə Dima Lomaşvili olduqları müəyyən olunub. Onlardan Z.Zurabaşvilinin yeri müəyyən olunaraq şübhəli şəxs qismində saxlanılıb. Saxlanılan şəxsin ətrafında aparılan araşdırmalarla məlum olub ki, oğurluğu edən şəxslərin evə daxil olmasında zərərçəkmişin qohumu Şükufə Hacıyeva və onunla qeyri-rəsmi münasibətdə yaşayan D.Lomaşvilinin qardaşı Eristo Lomaşvili yardımçı olublar.

Belə ki, Ş.Hacıyeva ev sahiblərinin evdə olmaması barədə E.Lomaşviliyə məlumat verib. Sonuncu isə məlumatı həmin vaxt bir yerdə olduqları Z.Zurabaşvili və D.Lomaşviliyə ötürdüyü, bundan sonra onların həmin evə qanunsuz daxil olduqları məlum olub. Ş.Hacıyeva və E.Lomaşvili də polis əməkdaşları tərəfindən saxlanılıb. Oğurladıqları qızıl-zinət əşyalarının bir qismini dəyərindən ucuz qiymətə Qax rayonunda yerləşən zərgərlik mağazasına satdıqları müəyyən edilib və həmin qızıl-zinət əşyası maddi sübut kimi götürülüb.

Onlara Cinayət Məcəlləsinin 177.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən oğurluq) maddəsi ilə ittiham verilib.

Facebookda şərh edin