“Dövlət qurumları içərisində ən hörmətlilərindən biri DTX-dir” – RƏYLƏR

18:17 | 13 May, 2020

“Azərbaycan vətəndaşlarının daha şəffaf, gözəl yaşaması və qanunçuluğun bərqərar olması naminə Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən həyata keçirilən əməliyyatları müsbət qiymətləndirirəm”.

Bunu “Report”a açıqlamasında Milli Məclisin deputatı Razi Nurullayev deyib.

Deputat xatırladıb ki, Azərbaycanda DTX-yə münasibət çox fərqli idi:

“Bu qurumun adı MTN olanda reytinqi sıfırdan aşağı idi. Bu gün isə şəxsi tanışlığım olmadan səmimi qəlbdən deyirəm və sevinirəm ki, bu qurumun rəhbərliyinə hörmətli Əli Nağıyev təyin olunub. Məhz onun rəhbərliyi ilə DTX-də tamamən keyfiyyətcə yeni bir sistem yaradılıb. Bu gün Azərbaycanda dövlət qurumları içərsində ən hörmətli qurumlardan biri DTX-dir. Demək ki, xalq üçün çalışanda və vətəndaşların gözləntisini doğruldanda buna müsbət qiymət verilir”.

Milli Məclisin deputatı Razi Nurullayev

R.Nurullayev DTX-nin son zamanlar həyata keçirdiyi əməliyyatları, o cümlədən Baş Prokurorluqla birgə Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin vəzifəli şəxslərinin qanunazidd əməllərinin qarşısının alınmasına qarşı keçirdiyi əməliyyat-istintaq tədbirlərini yüksək qiymətləndirib: “Ümumiyyətlə, ciddi mesaj verilib ki, ölkədə yeni siyasi düzən yaranır. Bu siyasi düzəndə isə korrupsiya və rüşvətxorluğa yer olmamalıdır. Dövlət büdcəsinin vəsaitlərini oğurlamaq və dövlət büdcəsinə şəxsi vəsaiti kimi yanaşan şəxslər, təbii ki, ciddi şəkildə cəzalandırılacaq”.

Qorqud Partiyasının sədri Firuddin Kərimov da “Report”a açıqlamasında DTX-nin son zamanlar həyata keçirdiyi əməliyyatları yüksək qiymətləndirdiyini deyib.

Partiya sədrinin sözlərinə görə, korrupsiya və rüşvətxorluğa qarşı görülən bütün tədbirlər həmişə yüksək qiymətləndirilir: “Belə tədbirlərlə yüksək vəzifədə olan harınlamış məmurlar üzə çıxarılır”.

F.Kərimov hesab edir ki, korrupsiya və rüşvətxorluğa qarşı aparılan tədbirlər davam etdirilməlidir: “Çünki rüşvətxorluq hər bir sahədə var. Ona görə də belə tədbirlər hər sahədə davam olunmalıdır ki, vəziyyətin yaxşı olacağına insanlarda ümid yaransın”.

Facebookda şərh edin