Qax rayon Tarix-Diyarşünaslıq Muzeyində 11 mindən çox eksponat mühafizə olunur

18:51 | 18 May, 2020

UNESCO-nun Beynəlxalq Muzeylər Şurasının qərarı ilə hər il mayın 18-i dünyanın hər yerində Beynəlxalq Muzeylər Günü kimi qeyd olunur. Xalqımızın milli-mədəni sərvətlərinin qorunub saxlanması və gələcək nəsillərə çatdırılmasında muzeylərin çox böyük rolu var.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, 1981-ci ildən fəaliyyət göstərən Qax rayon Tarix-Diyarşünaslıq Muzeyi mədəni sərvətlərimizin qorunub saxlanmasında səmərəli fəaliyyəti ilə seçilir. Beş yüzədək eksponatla fəaliyyətə başlayan muzeydə hazırda rayonun qədim tarixindən soraq verən 11 min 650 ədəd tarixi və elmi əhəmiyyətə malik eksponat mühafizə olunur və nümayiş etdirilir.

Muzeyin direktoru Mahir Əfəndinin sözlərinə görə, muzey 2015-ci ildə hazırlanmış ekspozisiya planı əsasında yenidən qurulub. Muzeydə 8 bölmə fəaliyyət göstərir. Bura “Qax rayonunun təbiəti və tarixi abidələri haqqında”, “Qax qədim dövrdə”, “Qax orta əsrlərdə”, “Qax tarixin yeni dövründə. Xanlıqlar. İlisu sultanlığı”, “Qax Rusiya imperiyasının tərkibində”, “Qax kommunist rejimində”, “Qaxda hərbi-vətənpərvərlik tərbiyəsi işi. Azərbaycanın hərb tarixi”, “Müstəqilliyə gedən yol. Müstəqil Azərbaycan. Ulu öndər Heydər Əliyev və Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin apardığı siyasət haqqında” bölmələri daxildir.

Mahir Əfəndi bildirib ki, muzey kolleksiyaları xalqın keçmiş adət-ənənələrini və bugününü ziyarətçilərə aşılayır və ünsiyyət yaradır. Muzeylər mədəni mübadilə, mədəniyyətlərin zənginləşdirilməsi, əməkdaşlıq, insanlar arasında sülhün bərqərar olmasında mühüm vasitə kimi çıxış edir.

Facebookda şərh edin