Qaxlı gənclər “Bir-birimizi qoruyaq!” kampaniyasına qoşulublar

00:51 | 31 May, 2020

Azərbaycan Könüllülərinin Əlaqələndirmə Mərkəzinin (AKƏM) başlatdığı “Bir-birimizi qoruyaq!” kampaniyasına Qax rayonunun gənc könüllüləri də fəal qoşularaq, vətəndaşlara pandemiyaya qarşı istifadə üçün əlcək və tibbi maskalar paylayıblar.

Qax Gənclərin İnkişaf və Karyera Mərkəzinin direktoru Elmir Həşimli AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, kampaniya karantin rejiminin yumşaldılması ilə əlaqədar vətəndaşların kütləvi toplaşdığı yerlərdə sosial məsafənin qorunması və digər davranış qaydaları barədə sakinlər arasında ictimai maarifləndirmənin aparılması, cəmiyyətin sağlamlığının qorunması məqsədi daşıyır.

Aksiya çərçivəsində gənclər “Dayanmadan çalışırıq”, “Məsafə saxla”, “Burada qaydalara riayət olunur” və digər şüarlar olan stiker-etiketləri bankomatlara, ödəmə terminallarına, restoran və marketlərin qarşısına, avtobuslara yapşdırıblar.

Direktor qeyd edib ki, belə tədbirlər davamlı xarakter daşıyacaq. Əsas məqsəd koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə ölkə rəhbərliyi tərəfindən həyata keçirilən genişmiqyaslı tədbirlərə dəstək olmaqdır.

Facebookda şərh edin