Paşa Məmmədovdan Qax.org.az saytına dəstək gəldi: “Bu sayt Qaxın və qaxlıların problemlərini işıqlandırır”

06:13 | 10 İyun, 2020

Xəbər verdiyimiz kimi, Qax rayonu 2 saylı məktəb-litseyin direktor müavini Dilşad Mustafayeva və bir-neçə digər şəxs Mətbuat Şurasına müraciət edərək, Qax.org.az saytından şikayət ediblər.

Qax rayonun 83 nəfər sakini adından imzalanan müraciətdə Qax.org.az saytında mərhələlərlə dərc edilmiş 10-a yaxın materialdan şikayət olunub. Müraciət müəllifləri adından onlayn müzakirəyə qatılan 2 saylı məktəb-litseyin direktor müavini Dilşad Mustafayeva, rayon sakinləri Hümbət Məmmədov, Məhəmməd Məhəmmədov və digərləri şikayət doğuran materiallarda ayrı-ayrı təhsil, səhiyyə müəssisələrinə, dövlət, hakimiyyət orqanlarına, o cümlədən, konkret şəxslərə qarşı əsaslandırılmamış kəskin ittihamların yer tutduğunu, həmçinin, etnik separatizmə yol açan fikirlərin verildiyini bildiriblər. Belə yanaşmanın etnik-mədəni qruplar arasında narazılığa səbəb olduğunu qeyd ediblər.

Bununla bağlı Qax.org.az saytının Facebook səhifəsində məlumat paylaşdıqdan sonra saytımıza dəstək mesajları daxil olmaqdadır. Qaxın tanınmış şəxsləri, ziyalıları, gənclər, müəllim, həkim və incəsənət nümayəndələri Qax rayonunun problemlərini işıqlandıran yeganə portal olan Qax.org.az saytına tam dəstəklərini ifadə ediblər.

Sözügedən məsələyə sərt təpki göstərən tanınmış qaxlı, hazırda ABŞ-da yaşayan diplomat, ictimai-siyasi xadim Paşa Xəyyam oğlu Məmmədov (Paşa İlisuyski) Qax.org.az saytına yönəlik hücumlarla bağlı öz fikirlərini bölüşüb və tam dəstəyini ifadə edib: “Mən Qax.org.az saytının tərəfindəyəm. Çünki, Qaxın və qaxlıların problemlərini işıqlandırır. Mən Qax.org.az-ı dəstəkləyirəm”.

Redaksiyadan: Qax.org.az saytının kollektivi bu prinsipial vətəndaş mövqeyinə görə həmyerlimizə dərin təşəkkürünü bildirir və gələcək fəaliyyətində uğurlar arzulayırıq!

Facebookda şərh edin