Qaxda arpa biçini davam edir

11:38 | 11 İyun, 2020

Qax.org.az saytı Qax rayonu İcra Hakimiyyətinə istinadən xəbər verir ki, cari mövsümdə rayonda 13026 hektar payızlıq taxıl sahələrinin biçilməsi gözlənilir. Taxıl əkinlərinin 10270 hektarını buğda, 2756 hektarını isə arpa sahələri təşkil edir. Rayonda taxıl biçininin optimal müddətdə başa çatdırılması məqsədilə texnikalar saz vəziyyətə gətirilmiş, biçin zamanı yanğın təhlükəsizliyinin təmin olunması ilə bağlı zəruri profilaktiki tədbirlər görülmüşdür. Rayon üzrə biçin kampaniyasına 31 ədəd taxıl biçən kombayn, həmçinin kifayət qədər digər texnikalar cəlb edilmişdir.

Artıq rayonun Sarıbaş, Almalı, Zəyəm, Tasmalı, Qıpçaq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliklərinin ərazilərində və Aqropark ərazisində arpa biçininə başlanılmışdır. Kampaniyanın ilk günündə 70 hektaradək arpa sahəsi biçilmiş, 250 ton məhsul tədarük olunmuşdur. Hələlik hər hektardan orta məhsuldarlıq 35,7 sentner təşkil etmişdir. Aqropark ərazisində isə məhsuldarlıq ən yüksək olmaqla 50 sentner təşkil etmişdir.

Facebookda şərh edin