Qaxlı kümçülər qəbul məntəqəsinə 4,5 ton yaş barama təhvil veriblər

00:39 | 13 İyun, 2020

Builki mövsümdə barama yetişdirmək üçün Qax rayonunda 445 kümçüyə 860 qutu ipəkqurdu paylanılıb. Bunun 620 qutusunu damazlıq elit, 240 qutusunu isə hibrid sənaye ipəkqurdu təşkil edir. Hazırda rayonda istehsalçılardan yaş barama tədarükü davam edir. Kümçülər indiyədək Qax Damazlıq İpəkçilik Stansiyasındakı qəbul məntəqəsinə 4,5 tonadək yaş barama təhvil veriblər.

AZƏRTAC-ın bölgə müxbiri qəbul məntəqəsində olub, yaş baramanın tədarükü prosesi ilə maraqlanıb. Tədarük prosesində stansiyanın və “Azəripək” MMC-nin mütəxəssisləri iştirak edirlər. Kümçülərdən yaş baramanın qəbulu pandemiya dövrünün tələblərinə riayət etməklə həyata keçirilir. Barama tədarükü qapalı məkanda aparıldığından məntəqənin işçiləri və kümçülər tibbi maskalardan istifadə edir, sosial məsafəni qoruyurlar.

Kümçülərlə söhbət zamanı onlar dövlətin bu sahəyə dəstəyindən, məntəqədə yaradılan şəraitdən razı qaldıqlarını bildiriblər. Qorağan kənd sakini Soltan Babayev iki ildir ki, barama yetişdirir. Kümçü cari mövsümdə 25 qram ipəkqurdu toxumu bəsləyib. İndiyədək məntəqəyə 47 kiloqram yaş barama təhvil verib. Tasmalı kəndindən Cəbi Kərimov isə hələlik məntəqəyə 30 kiloqram yaş barama gətirib. Kümçü yaxın günlərdə daha 50 kiloqram barama təhvil verməyi planlaşdırır.

Facebookda şərh edin