Qaxda 3 min hektaradək taxıl sahəsinin məhsulu biçilib

14:39 | 24 İyun, 2020

Cari mövsümdə Qax rayonunda 13 min 26 hektar taxıl sahəsinin məhsulunun biçilməsi gözlənilir. Taxıl əkinlərinin 10 min 270 hektarını buğda, 2 min 756 hektarını isə arpa sahələri təşkil edir. Hazırda təsərrüfatlarda taxıl biçini sürətlə davam etdirilir. Bu günədək 2 min 594 hektar arpa və 380 hektar buğda sahəsinin məhsulu biçilib, 8 min 347 ton taxıl istehsal olunub.

Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Qax Dövlət Aqrar İnkişaf Mərkəzinin bitkiçilik sektorunun baş məsləhətçisi Ülvi Əzimov məlumat verib.

Qurum rəsmisi bildirib ki, tədarük olunan taxılın 7 min 362 tonu arpa, 985 tonu buğdadır. Arpa sahələrinin hər hektarından orta hesabla 28,4 sentner, buğda sahələrindən isə 25,9 sentner məhsul götürülüb. Buğda sahələrində biçinə yeni başlanıldığından növbəti günlərdə orta məhsuldarlığın daha da artacağı gözlənilir.

Baş məsləhətçinin sözlərinə görə, arpa sahələrində rayon üzrə ən yüksək məhsuldarlıq Qax Aqroparkında qeydə alınıb. Belə ki, burada hər hektar arpa sahəsindən 46,4 sentner məhsul götürülüb.

Biçin kampaniyasına, ümumilikdə, 31 ədəd taxılbiçən kombayn, həmçinin lazımi qədər digər texnika cəlb edilib. Hazırda sahələrdə 22 kombayn işləyir.

Facebookda şərh edin