Qaxda növbəti buraxılış imtahanları başa çatıb

01:26 | 25 İyun, 2020

Dövlət İmtahan Mərkəzinin (DİM) iyunun 24-də qurumun Şəki regional bölməsinin əhatə etdiyi Qax rayonunda ümumi (9 illik) və tam (11 illik) orta təhsil səviyyəsi üzrə keçirdiyi növbəti buraxılış (qəbul) imtahanları başa çatıb.

İmtahanların keçirilməsi üçün Qaxda 3 mərkəz ayrılıb. Buraxılış (qəbul) imtahanları Qax şəhərindəki 2, 4 və 5 saylı tam orta məktəblərdə təşkil olunub.

AZƏRTAC-ın bölgə müxbiri Qax şəhərindəki 2 saylı orta məktəb-liseydə 11-ci sinif şagirdləri üçün keçirilən buraxılış imtahanında iştirak edib. Məktəbdəki bütün imtahan zallarında şagirdlərin rahat şəkildə imtahan verməsi üçün zəruri şərait yaradılıb. İmtahan prosesi pandemiya dövrünün tələblərinə uyğun şəkildə təşkil olunub. Bu mərkəzdə buraxılış imtahanı Azərbaycan, rus və gürcü bölmələri üzrə aparılıb.

İmtahan rəhbəri Samir Hüseynlinin bildirdiyinə görə, 210 şagirdin iştirak etdiyi imtahanın idarə olunmasına 3 rəhbər və 22 nəzarətçi-müəllim cəlb olunub.

Regional bölmənin müdiri Səbuhi Hüseynovun verdiyi məlumata görə, bütün imtahan mərkəzlərində buraxılış (qəbul) imtahanları mövcud təlimata və karantin dövrünün tələblərinə uyğun şəkildə aparılıb və heç bir qanun pozuntusuna yol verilməyib.

Facebookda şərh edin