Qaxlı Giyanın dillərə dastan olan eşq hekayəsi – Azəri qızı Xatirə ilə gürcü oğlanın böyük sevgisinin gerçək səbəbləri

16:10 | 30 İyun, 2020

Bir sevgi tarixçəsi…

“Eşqsiz olsaydı xilqətin canı, diriliк sarmazdı böyüк cahanı. Eşqsiz bir adam bir neydir – qırıq, Yüz canı olsa da, ölüdür artıq.” deyib dahi Nizami…Cabir Novruz isə, yeri, göyü, asimanı məhəbbət yaratdığını deyirdi. Bu ilahi məvhum hər kəsin   həyatına bir cür təsir edir, xüsusən də yaradıcı insanların. Məhəbbət, qəhrəmanımız Giya Paçxataşvilinin da həyatına təsirsiz ötüşməyib. Azərbaycan poeziyasını o qədər sevirdi ki, elə ilk aşiq olduğu xanım da azərbaycanlı  oldu. Amma bu sevgi şairə baha başa gəlir. Giya ilə onun haqqında danışmaq istəyəndə  “gəl onun haqqında danışıb onu şərəfləndirməyək” dedi şair. Şairin ikinci baharı Lamara olub. Lamara sözün əsl mənasında Giyanın həyatında bir bahar olub. Anasından, əvvəlki sevdiyindən görmədiyi məhəbbəti, isti münasibəti Lamarada tapdı şair. Lakin bu xoşbəxtlik 18 il davam edib. Bəşəriyyətin bəlası olan xərçəng bu xoşbəxtliyə son qoydu. Şair o günləri belə xatırlayır: “Çox pis vəziyyətdə idim. Onda heç evim də yox idi. Mənim yerimdə başqa insan olsaydı yəqin ki, “alkaş” olardı, ya da intihar edərdi. Dərdlə üzbəüz olan insanın arqumenti də ola bilərdi.  Lakin mən özümdə güc tapdım, qalib gəldim. Özümü şeirlərə, tərcümələrə həsr etdim”.

Givi (dostları onu belə adlandırır) deyir Lamara onun hər uğuruna uşaq tək sevinərdi. Məhz onun ruhu şad olsun deyə gecə-gündüz çalışan şair, Lamarasının öldüyü il, yəni 2014-ci ildə xeyli sayda kitabı işıq üzü görür: “Mən fikirləşirdim ki, mən özümü itirsəm, Lamaranın ruhu narahat olacaq. Mən məhz onun ruhu şad olsun deyə özümü topladım, yaradıcılığımla məşğul oldum.Mənə dedilər axı sən bu boyda dərd yaşamısan. Dedim bunların hamısı onun ruhunun şad olması üçündür. Çünki, Givi ölsə Lamaranın ruhu da ölə bilərdi”.

Şairin ən böyük məhəbbəti doğulduğu Qaxadır. Lakin anası ondan imtina etdiyinə görə doğma torpağından didərgin düşən şair özünü kökündən kəsilmiş ağaca bənzədir. Givi deyir ki, onun Qax adlı məkanda vətəni də, evi də, torpağı da Lamaranın qəbridir: “İnsan o zaman ölür ki, onun qəbri ziyarət olunmur. Xatirə xanımla evləndikdən sonra onu və qaynatamı Lamaranın qəbri üstünə apardım. Halbuki atası inciyə bilərədi. Mən bütün bunları göz önününə alaraq  onları Lamaranın qəbrini ziyarətə apardım.  Mənim Qaxda 1 qarış da olsa torpağım yoxdur. Çünki, anam vaxtı ilə məni atıb. Atılmış insanın da torpağı olmur. Heç kimə bunu arzu eləmirəm. Qaxlı olasan, Qaxda qalmağa yerin olmaya. Bu, kökündən kəsilmiş ağaca bənzəyir. Qaxı sevən, kökü kəsilmiş və Qaxa boylana-boylana qalan qurumuş bir ağacam”.

Şəkidən başlanan sevgiyə, Qəlbimə tuşlanan sevgiyə, Qız kimi utanan sevgiyə “Hə” dedim…

Şairi həyata bağlayan başqa bir səbəb də var – Xatirə! Xatirə xanımla tanışlığı onu həyata bağladı. Dostunun təkidi ilə Şəkiyə gələn və Xatirə xanımla evliliyə razı olan şair deyir ki, heç ağlına belə gəlməzdi ki, Lamaradan sonra kimisə sevə bilər: “Evlənmək fikrim yox idi. Özümü ancaq yaradıcılığa həsr etmişdim. Dostum Pünhan Şükür dedi ki, evlən. Mən istəmirdim. Bir təhər razı saldı və Şəkiyə getdik. Xatirə ilk baxışdan mənə xoş təsir bağışladı və biz evləndik”.

Şair həyatına rəng qatan bu qadına kitab da həsr edib: “8 Mart ərəfəsi idi. Dedim  ona nə bağışlayım ki, unudulmaz olsun. Şairin də ən böyük hədiyyəsi kitab olar da.  Xatirəyə həsr etdiyim şeirlərdən ibarət “”Hə” dedim” adlı kitab çap etdirdim. Kitabımın üz qabığının rəngi də onu ilk dəfə gördüyümdə geyindiyi paltarın  rəngində çap etdirdim”.

Söhbətimizi Xatirə xanımla davam etdirdik. Qəribə burasındadır ki, Xatirə və Lamara zahirən  bir-birinə bənzəyir. Xatirə xanım bu fikrimizi təsdiqlədi. Sən demə, başqa insanlar da onların bənzər olduqlarını bildiriblər.

Givi Xatirə xanımın ikinci baharıdır. Keçmiş həyat yoldaşı vəfat etdikdən sonra uzun müddət özünə qapanan xanım, Givinin sayəsində həyata yenidən bağlandı: “Həyat yoldaşım rəhmətə gedəndə 8 ayın gəlini idim. Şəkidə tibb bacısı işləyirdim. Getdiyim iş idi, gəldiyim ev. Mənə dedilər ki, facebook səhifəsi yarat, bir az başın qarışsın. Mən də razılaşdım. Çox böyük stress keçirmişdim, istəmirdim həkimədə gedim. İstəmirdim o psixotrop dərmanları qəbul edim. Həmişə şeirlər paylaşırdım. Həmin vaxt dostluğumda olan Givinin dostu Pünhan Şükür dedi ki, gəl sən  ailə qur. Dedim yox istəmirəm. Həmin vaxt Lamara artıq rəhmətə getmişdi. Givini məsləhət gördü. Dedi çox mədəni insandı, hələ sən gör o səni bəyənirmi?”

“Albinoslar haqqında eşitmişdim. Dedi fosfor adamdı, bir az da yaş fərqimiz var idi. Pünhan Şükürlü dedi ki, heç o da razı deyildi, amma şairə Qiymət Məhərrəmli ilə onu yola gətirmişik. Qiymət xanımla görüşdük,  mənə Givinin “Dərviş” kitabını verdi. Youtube-dan Givi haqqında olan repotajları izlədim. Ailəmlə məsləhətləşdim, dedilər get ailəni qur, evdə nə vaxta qədər oturacaqsan. Beləliklə, görüşə razı oldum “-deyə əlavə etdi.

Bu görüş hər ikisinin də həyatında dönüş nöqtəsi oldu. Xatirə xanımı buna görə qınayanlar da az olmayıb. Onu xristianla ailə qurduğuna görə qınaq obyektinə çevirdilər: “Məni çox qınadılar, amma mən qətiyyən peşman deyiləm. Şəkidə gəlin olduğum ailə olduqca mühafizəkar ailə idi. Amma Givi təbiətən azad insandır, bu da mənə müsbət təsir edib. Bakıya gələndən sonra əhatəm genişləndi, Givinin şair dostlarını tanıdım. Əvvəllər təkcə məktəb illərində tanıdığımız şairləri tanıyırdım. Givinin sayəsində hətta xarici yazarları da tanıdım”.

Müsahibə zamanı Xatirə xanım Lamaranı da xatırladı. Həmsöhbətimiz sevgi hissinin ona yad olduğunu, Givinin Lamaraya olan məhəbbətinin ona qəribə gəldiyini söylədi: “Təzə evləndiyimiz vaxtlar Givi tez-tez Lamaranı xatırlayardı. Mənə qəribə gəlirdi bu hiss. Çünki, mən keçmiş həyat yoldaşımı sevməmişdim. Lamara və Givinin Dato Kençiaşvilinin  “Ramdeni Malodine”  mahnısı onların ortaq mahnısı olub. Givi o mahnını dinləyib ağlayanda mənə qəribə gəlirdi”.

Söhbətimizin elə bu yerində Givinin kövrəldiyini gördük. Xatirə xanım: “Həmişə ondan söhbət düşəndə uşaq kimi ağlayır. Sanki həmin an uşaqlaşır. Mən bir qadın kimi xoşbəxtəm. Nə qədər qınasalar belə, mən xoşbəxtəm. Givi öz insani keyfiyyətləri ilə məni özünə sevdirdi. Bütün ailələrə bu cür sevgi arzu edirəm”.

ANALİTİK.AZ

Facebookda şərh edin