Qaxda məktəb direktoru karantin qaydalarına məhəl qoymur – hər həftə pedaqoji şura keçirir, müəllim və şəgirdləri toplayır

16:59 | 30 İyun, 2020

Koronavirus pandemiyası səbəbindən ölkənin bütün təhsil müəssisələrini bağlıdır – dövlət və özəl təhsil ocaqlarında birmənalı olaraq, təhsil və tədris prosesi dayandırılıb. Ümumən isə ölkə ərazisində, açıq və qapalı məkanlarda 10 nəfərdən artıq insanın bir yerə toplaşması qəti şəkildə qadağan olunub. Ötən gün Milli Məclisin İnzibati Xətalar Məcəlləsinə etdiyi düzəlişlərdən sonra isə bu qaydaları pozan şəxslərə qarşı cəzalar bir qədər sərtləşdirilib.

Bütün bu olanların fonunda Qax rayonunda fəaliyyət göstərən Namiq Allahverdiyev adına Şəhər 2 №-li məktəb-liseyin müəllim kollektivi hər həftə məktəbə çağrılır və pedaqoji şuranın iclasları keçirilir və sinif otaqlarında 30-40 müəllim bir yerə toplanaraq, müzakirələr aparılır.

Məktəb-liseyin gənc müəllimlərinin Qax.org.az saytına verdiyi məlumata görə, Namiq Allahverdiyev adına Şəhər 2 №-li məktəb-liseyin direktoru Şəkər Abdullayeva mütəmadi olaraq, məktəbin müəllim kollektivini məktəbə çağıraraq, müəyyən tapşırıqlar verir, yeni tədris ilinə dair dərs yükü bölüşdürülür və iclaslar keçirilir.

Heç bir karantin qaydalarına əməl edilmədiyi bu toplantılar barədə Qax rayon Təhsil Şöbəsinin məlumatı olsa da, buna göz yumulur. Məktəbin direktoru Şəkər Abdullayeva isə müəllimlərlə söhbətində “koronavirus pandemiyasının uydurma olduğunu və hökumətin süni şəkildə vətəndaşlar arasında ajiotaj yaratdığını” bildirib. Özünün 83 yaşı olduğunu fəxrlə bildirən məktəb direktoru “Koronavirus varsa, elə gəlib məni tutsun” deyib və bu virusa inanmamağı tövsiyyə edib.

Qeyd edək ki, Qax rayonu Namiq Allahverdiyev adına Şəhər 2 №-li məktəb-liseyin şagird və məzunları, habelə onların valideynləri də mütəmadi olaraq, məktəbə çağrılır və direktor Şəkər Abdullayeva qapalı sinif otaqlarında onlarla iclaslar keçirir.

Facebookda şərh edin