Qaxda indiyədək 362 hektar sahədə təkrar qarğıdalı əkilib

17:11 | 4 İyul, 2020

Bu il Qax rayonunda taxıl biçini başa çatmış ərazilərdə 600 hektaradək sahədə təkrar qarğıdalı əkininin aparılması proqnozlaşdırılır. Bu günədək Qax Aqroparkının, həmçinin Qorağan və Tasmalı kəndlərinin ərazilərində 362 hektar sahədə qüvvəli və yaşıl yem üçün təkrar qarğıdalı əkilib və hazırda bu istiqamətdə iş davam etdirilir.

Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Qax Dövlət Aqrar İnkişaf Mərkəzinin bitkiçilik sektorunun müdiri Eyvaz Aslanov məlumat verib.

Qurum rəsmisi bildirib ki, təkrar əkinlər iqtisadi baxımdan çox səmərəlidir. Respublikada mal-qaranın qüvvəli və yaşıl yemə olan tələbatını tam təmin etmək üçün təkrar əkinlərdən istifadə vacib sayılır.

Qeyd edək ki, bu il təkrar qarğıdalı əkininə görə fermerlərə toxum almaq üçün dövlət tərəfindən hər hektara 60 manat birdəfəlik vəsait ödəniləcək.

Sektor müdirinin sözlərinə görə, rayonun təsərrüfatlarında taxıl biçini də sürətlə davam etdirilir. Bu günədək 9 min 207 hektar sahənin məhsulu biçilib, 25 min tondan çox taxıl istehsal olunub.

Facebookda şərh edin