Qax Oyan platforması: “Rayon insanlarının problemləri saymaqla bitməz”

03:13 | 3 Yanvar, 2021

Son vaxtlar sosial şəbəkələrdə fəaliyyətə başlayan “Qax Oyan” platforması rayon sakinlərini düşündürən aktual məsələləri işıqlandırır və heç yerdə deyilməyən problemləri deyir. Ötən gün Qax Oyan Facebook səhifəsində Qax və qaxlıları düşündürən aktual bir mövzu barədə yazılıb. Qax.org.az saytı olaraq, həmin paylaşımı oxucularımıza olduğu kimi təqdim edirik:

“Bayram günləri rayonda tam başqa abu hava, canlanma müşahidə olunur. Bunun səbəbi, istirahət üçün rayona gəlmiş qonaqlarla bərabər, işsizlik üzündən paytaxta üz tutmuş bir çox rayon sakinin bayramı keçirmək üçün öz ailələrinin yanına qayıtmasıdır. Bəzən çörək almaq üçün, çörəkçidə növbə gözləməli olursan. Əksər kiçik biznes sahiblərinin işlərində hərəkətlənmə olur.

Amma başqa vaxt, rayonda sakitlik və dərin hüzn hökm sürür. Gənc və təhsilli kəsimə demək olar ki, rast gəlinmir. Rayon insanlarının problemləri saymaqla bitməz. Bu problemlərin əksəriyyətinin kökündə isə işsizlik durur. İşsizliyə səbəb isə, ölkəyə (rayona) daxili və xarici investisiya axınının olmamasıdır. İnvestisiya isə sağlam rəqabət şəraiti olan ölkələrə yatırılır. Rayonumuzun böyük turizm perspektivi var. Bugün Qaxda məhdud iş yerləri fonunda 4-5 ulduzlu hotellər fəaliyyət göstərir. Baxmayaraq ki, bu otellərin müştərisi çoxdur, onların fəaliyyətinin orada çalışan məhdud saylı insan xaric, rayon əhalisinə o qədər də xeyri yoxdur. Məmurlara məxsus bu otellərdən əldə olunan gəlir əksər hallarda ölkə xaricinə axır.

Rayonda dirçəlişə nail olmaq üçün heç də dövlətin xüsusi dəstəyi lazım deyil. Sadəcə ölkəyə ucuz aviareyslər təşkil olunsa, viza şərtləri yüngülləşdirilsə və biznesə sərbəstlik verilsə orta gəlirli turistləri ölkəyə gəlişi üçün mühit yaranar və rayon sakinləri o zaman turizmdən gəlir götürməyə başlayarlar (çünki orta və az büdcəli turistlər, məmurların bahalı otellərini yox, rayon sakinlərinin kirayə verdikləri otaqları, evləri kiralayacaqlar). İndiki vəziyyətdə ən yuxarı səviyyədə bürokratiya və məmur öz başınalığı səbəbindən, Azərbaycan bahalı turizm ölkələri sırasındadır.

Qısası, yuxarıdakı problemlər aradan qaldırılmış olsa, rayonda il boyu, bayram günlərində gördüyümüz canlanmanı görərik, və rayon əhalisinin rifahı yüksəlmiş olar.

Bəs siz necə düşünürsüz?”

Facebookda şərh edin