Deputat Azər Kərimli Azərbaycanda benzinin qiymətinin artmasından danışıb

01:37 | 8 Yanvar, 2021

Şuşa şəhərinin Prezident İlham Əliyev tərəfindən ölkəmizin mədəniyyət paytaxtı elan olunması Azərbaycan tarixinin ən önəmli mədəniyyət hadisələrindən biridir.

Bu sözləri Modern.az saytına açıqlamasında millət vəkili, Avronest Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri Azər Kərimli deyib.

Millət vəkili qeyd edib ki, Azərbaycan Prezidentinin işğaldan azad edilmiş ərazilərimizlə bağlı müəyyənləşdirdiyi hədəflərdən biri, bu ərazilərdəki tarixi abidələrin əsl simasının özünə qaytarılması, bölgənin, o cümlədən Şuşa şəhərinin Azərbaycan mədəniyyətində oynadığı təkrarsız rolun bərpa edilməsidir:

“Şuşanın Azərbaycan mədəniyyətinin paytaxtı elan edilməsi qeyd olunan hədəflərə nail olmağımızı daha da sürətləndirəcək, milli mədəniyyətimizin inkişafında yeni mərhələnin başlanmasına zəmin yaradacaq”.

Azər Kərimli Prezident İlham Əliyevin Füzuli rayonunun ərazisində beynəlxalq hava limanının inşa edilməsi ilə bağlı fikirlərinə də münasibət bildirib və qeyd edib ki, dövlət başçımızın bu ideyası mühüm strateji əhəmiyyətə malikdir:

“Füzuli rayonu İranla sərhəddə yerləşir. Rayonun coğrafi mövqeyi və relyefi logistik infrastrukturun yaradılması üçün əlverişli imkanlara malikdir. Rayonun coğrafi mövqeyi Dağlıq və Aran Qarabağla ölkəmizin digər əraziləri, həmçinin Meğridən açılacaq dəhliz vasitəsilə Naxçıvan Muxtar Respublikası ilə nəqliyyat əlaqəsinin intensivliyinin təşkili baxımından da əlverişlidir. Bu səbəbdən, beynəlxalq hava limanının inşası üçün məhz Füzuli rayonunun seçilməsi uzunmüddətli hədəflərə xidmət edən yanaşma kimi dəyərləndirilməlidir”.

Millət vəkili Tarif Şurasının dizel yanacağının və benzinin qiymətinin artırılması ilə bağlı qərarına da münasibət bildirib. Onun sözlərinə görə, yanacağın qiymətində baş verən artım qlobal enerji sektorunda baş verən dəyişikliklərin tərkib hissəsidir:

“Ötən il ərzində dünyanın müxtəlif ölkələrində yanacağın qiymətində 14-29% arası artım baş verib. Bu proses bütün ölkələri əhatə edib və müqayisə aparsaq, ən az artımın ölkəmizdə baş verdiyini görə bilərik. Bununla yanaşı, Azərbaycanda digər ölkələrdən fərqli olaraq, baş verən qiymət artımının aztəminatlı ailələrə, həmçinin iqtisadiyyyatın müxtəlif sahələrinə, o cümlədən kənd təsərrüfatına təsirinin azaldılması üçün sosial və subsidiya paketləri də hazırlanıb. Bu isə öz növbəsində Azərbaycan hökumətinin vətəndaşların sosial rifahına hər zaman olduğu kimi nə qədər böyük önəm verdiyini nümayiş etdirir”.

Facebookda şərh edin