Deputat Azər Kərimli: “Beynəlxalq kommunikasiyaların bərpası Ermənistan üçün yeganə xilas yoludur”

01:18 | 14 Yanvar, 2021

Azərbaycan, Rusiya və Ermənistanın dövlət və hökumət başçılarının dekabrın 11-də Moskvada keçirilən görüşü ötən il noyabrın 10-da imzalanmış üçtərəfli bəyanatın bütün müddəalarının yerinə yetiriləcəyi ilə bağlı tərəflərin üzərilərinə götürdükləri öhdəliklərə sadiq qaldığını nümayiş etdirir.

Bu sözləri Modern.az saytına açıqlamasında millət vəkili, Avronest Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri Azər Kərimli deyib.

Millət vəkili imzalanan yeni üçtərəfli bəyanatda yer alan müddəaların, beynəlxalq kommunikasiyaların bərpası prosesinin regionun inkişafına töhfə verəcəyini, iqtisadi əlaqələrə dinamizm gətirəcəyini bildirib: “Bu isə Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, etibarlı təhlükəsizliyə xidmət edəcək. Dağlıq Qarabağ münaqişəsinə son qoyulandan, Azərbaycanın öz əraziləri üzərində suveren hüquqlarının bərpasından sonra, bölgə dövlətləri üçün ən önəmli məsələ davamlı sülhün, təhlükəsizliyin təmin olunmasıdır. Kommunikasiyaları bərpa etmədən və yenilərini yaratmadan sabit və dayanıqlı münasibətlərə nail olmaq mümkün deyil. Ermənistan mövcud reallıqları qəbul etdiyini, təkcə noyabrın 10-da imzaladığı kapitulyasiya aktına bərabər olan üçtərəfli bəyanatla üzərinə götürdüyü öhdəliklərlə deyil, həm də davranışlarıyla sübuta yetirməlidir. İstənilən revanşist davranış prosesə xələl gətirə və ilk növbədə Ermənistanın onsuz da acınacaqlı olan vəziyyətini daha da kəskinləşdirə bilər. Ermənistanın öz öhdəliklərinə əməl etməsi fonunda beynəlxalq kommunikasiyaların bərpası bu ölkə üçün yeganə və alternativi olmayan xilas yoludur. Şübhəsiz ki, kommunikasiyaların bərpası, dövlətimizin başçısının da qeyd etdiyi kimi, Azərbaycan, Rusiya və digər region dövlətlərinin maraqlarına cavab verir”.

Azər Kərimli Prezident İlham Əliyevin zəmanətçi ölkənin – Rusiyanın dövlət başçısının artıq bir neçə dəfə dilə gətirdiyi Dağlıq Qarabağ konfliktinin keçmişdə qaldığı barədə fikirlərinə istinad etməsinə də diqqət çəkib: “Münaqişə başa çatıb və bundan sonra Ermənistan tərəfinin atacağı hər hansı bir revanşist addım, Rusiyanın dövlət başçısının da daha öncə qeyd etdiyi kimi intihara bərabərdir. Çünki bu halda Ermənistanın Azərbaycanın beynəlxalq səviyyədə tanınmış və təhlükəsizliyinə təminat verilmiş suveren ərazilərinə hücumu kimi qiymətləndirəcək və müdafiə potensialının 80%-ə qədəri məhv edilmiş qəsbkarı müharibədən qalib çıxmış, böyük döyüş təcrübəsi qazanmış və dəfələrlə güclənmiş müzəffər Azərbaycan ordusu ilə qarşı-qarşıya qoyacaq. Və təbii ki, bu halda Ermənistanı heç kim xilas edə bilməyəcək. Çünki bu barədə rəsmi İrəvana artıq xəbərdarlıq edilib”.

Millət vəkili Azərbaycan Prezidentinin Moskva görüşünə qalib ölkənin Ali Baş Komandanı kimi qatıldığını və bu görüşdən də qalib kimi ayrıldığını bildirib: “Azərbaycan ordusu düşmən üzərində möhtəşən zəfər qazanıb və proseslərin bundan sonrakı inkişafını da bu qələbənin nəticələri müəyyən edəcək”.

Facebookda şərh edin