Qaxlı gənclər bayramlarını qələbə əhval-ruhiyyəsi ilə qeyd ediblər – deputat Azər Kərimli ilə onlayn görüş baş tutub

19:34 | 1 Fevral, 2021

Bu gün Azərbaycan gəncləri ictimai-siyasi həyatın bütün sahələrində aktiv fəaliyyətləri ilə seçilirlər. Ölkəmizdə gənclər siyasəti artıq dövlət siyasətinin mühüm tərkib hissəsinə çevrilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu fikirlər Azərbaycan Gəncləri Günü münasibətilə Qax rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə keçirilən “Vətən müharibəsində gənclərin Zəfər yolu” mövzusunda videokonfransda səsləndirilib.

Tədbiri rayon Gənclər və İdman İdarəsinin rəisi Əlövsət Bayramov açaraq, ölkəmizdə Gənclər Gününün qeyd edilməsinin gənclərə həmişə diqqət və qayğı ilə yanaşan, onların problemlərinin həllinə xüsusi önəm verən, bu siyasəti müstəqil Azərbaycan dövlətinin fəaliyyətinin ən mühüm istiqamətlərindən biri kimi dəyərləndirən ümummilli lider Heydər Əliyevin adı ilə birbaşa bağlı olduğunu bildirib. Vurğulanıb ki, bu il Azərbaycan gəncləri öz bayramlarını həmişəkindən daha alnıaçıq, qələbə əhval-ruhiyyəsi ilə qeyd edirlər. Bu da təsadüfi deyil. Xalqımız uzun illərdir gözlədiyi arzusuna qovuşub. Ötən il sentyabrın 27-də başlanan və 44 gün davam edən Vətən müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu əzəli və əbədi Qarabağ torpağını mənfur düşməndən – erməni faşistlərindən azad edib. Tarixi qələbənin qazanılmasında orduda xidmət edən, eləcə də könüllü olaraq cəbhəyə yollanan Azərbaycan gəncləri böyük qəhrəmanlıqlar göstərərək, xalqımızın zəfər salnaməsinə öz adlarını yazdırıblar.

Videokonfransda Milli Məclisin deputatı Azər Kərimli, rayon icra hakimiyyəti başçısının müavini Vəfa Heydərova, gənclər və idman idarəsinin rəis müavini Elvin Həsilov, Gənclərin İnkişaf və Karyera Mərkəzinin Qax nümayəndəliyinin direktoru Elmir Həşimli, Aprel döyüşləri qazisi Ayaz Cumayev, Vətən müharibəsinin iştirakçısı Malik Həmzəyev, şəhid Abdulla İsrafilovun bacısı Sima İsrafilova və başqaları çıxış edərək, ölkəmizdə gənclərə göstərilən yüksək dövlət qayğısından danışıb, rayon gənclərinə gələcək fəaliyyətlərində uğurlar arzulayıblar.

Facebookda şərh edin