Deputat Azər Kərimli: “Tarix sübuta yetirir ki, güc yalnız ədalətə xidmət edəndə dəyər qazanır”

19:52 | 2 Fevral, 2021

Nəhəng olmaq, dünyaya meydan oxumaq, milyonlarla insanın və bəzən dövlətlərin taleyini şübhə altına qoymaq hələ güclü və böyük olmaq deyil. Tarix sübuta yetirir ki, güc yalnız ədalətə xidmət edəndə dəyər qazanır, böyüklük qlobal düşüncədə, başqalarının həyatına, taleyinə məsuliyyətli yanaşdıqda özünü büruzə verir. Azərbaycan öz liderinin timsalında sübuta yetirdi ki, böyük olmaq üçün nəhəng ərazilərə sahiblənməkdən daha çox, böyük düşüncəyə, strateji baxış bucağına və mərhəmətli ürəyə sahib olmaq lazımdır.

Bu sözləri Modern.az saytına açıqlamasında millət vəkili, Avronest Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri Azər Kərimli deyib.
Prezident İlham Əliyevin Azərbaycan Televiziyasına müsahibəsində xarici ölkələrə yardım ilə bağlı məqama diqqət çəkən millət vəkili qeyd edib ki, dövlətimizin qlobal pandemiya dövründə nümayiş etdirdiyi davranış tarixdə humanizm nümunəsi kimi qalacaq: “Dövlətimizin başçısı xarici ölkələrə edilən yardımlarımızı məsuliyyətlə əlaqələndirdi və bildirdi ki, yardım etməyi bir məsuliyyətli ölkə kimi özümüzə borc bildik. Prezidentimiz, eyni zamanda qeyd etdi ki, Azərbaycan Qoşulmama Hərəkatına sədrlik edən bir ölkə kimi mütləq bunu etməli idi. Bu çox önəmli və bütün beynəlxalq təşkilatlara sədrlik edən dövlətlərə nümunə olacaq bir yanaşmadır. Azərbaycan ərazisinə görə dünyada 112-ci, əhalisinin sayına görə isə 88-ci  yerdədir. Dünyada bizdən həm əhalisinin sayına, həm ərazisinə görə dəfələrlə böyük, təbii ehtiyatlarına, iqtisadi gücünə görə isə dəfələrlə imkanlı dövlətlər var. Onların arasında uzun illərdir ki, dünyanın ən böyük, ən nüfuzlu beynəlxalq təşkilatlarını de-fakto idarə edənlər də az deyil. Amma bu dövlətlərdən heç biri Azərbaycanın Qoşulmama Hərəkatına sədrlik edən bir ölkə kimi sərgilədiyi yanaşmanı heç vaxt sərgiləməyiblər. Bu baxımdan, Azərbaycanın beynəlxalq təşkilata rəhbərlik edən bir ölkə kimi nümayiş etdirdiyi məsuliyyətli davranışdan çoxları nümunə götürməlidirlər. Bəlkə də dünyada mövcud olan bütün problemlərin, ziddiyyətlərin təməlində, məhz məsuliyyətdən qaçmaq, yayınmaq kimi davranışlar dayanır və çıxış yolu da elə məsuliyyətdədir.

Hesab edirəm ki, Prezident İlham Əliyevin Azərbaycan Televiziyasına müsahibəsində yer alan fikirlər, ölkəmizin qlobal pandemiya dövründə atdığı addımları xatırlatmaqla yanaşı, həm də bəşəriyyətə ünvanlanan ciddi bir mesajdır: Hər birimiz olduğumuz yerdə üzərimizə götürdüyümüz  məsuliyyəti dərk etdiyimiz təqdirdə bütün problemlərdən çıxış yolu tapılacaq, bəşəriyyət isə daha xoşbəxt bir gələcəyə sahib olacaq”.

Facebookda şərh edin