Zəyəm kənd sakinləri narazıdır: iri tonnajlı yük maşınları zəyəmliləri cana yığıb, kənd icra nümayəndəsi isə susur

23:29 | 2 Fevral, 2021


Qax rayonu Zəyəm kənd sakinlərinin çoxsaylı narazılığına və asfalt yolun dağılmasına səbəb olan yük maşınları ilə bağlı Qax.org.az saytına müraciət daxil olub.
Redaksiyamıza göndərilən şəkillərdə gördüyünüz ərazi Zəyəm Kənd İnzibati Ərazi Dairəsidir. Zəyəm kəndinin ərazisində Bakı Şəhər sakininə məxsus qum çıngıl sexi fəaliyyət göstərir. Bu sexdən hər gün onlarla yük maşını rayonun kəndlərinə və Bakı şəhərinə qum-çıngıl daşıyır.

Qax.org.az saytına daxil olan müraciətdə deyilir: “Yük maşınlarının hərəkətini təmin etmək üçün 2009-cu ildə Zəyəm kəndinin kənarı ilə alternativ yol çəkilmişdir. Buna məhəl qoymayan yük maşınları Zəyəm kəndinin mərkəzindən keçən asfalt yolla hərəkət edirlər. Həmin yük maşınlarının işlədiyi Zəyəm-Lələli yolunun 4 km hissəsi günü-gündən yararsız vəziyyətə düşür. Belə ki, yolun çox hissəsində çatlar yaranmış və çökmə halları müşahidə olunur. Eyni zamanda yola yaxın hissədə evləri olan vətəndaşlar da bildirir ki, yük maşınlarının hərəkət zamanı evlərin divarlarında silkələnmə nəticəsində çatlar yaranmışdır. Bu da çoxsaylı kənd sakinlərinin narazılığına səbəb olmuşdur. Xatırladaq ki, əvvəlki illərdə yük maşınlarının kənd daxil yolla işləməsinə narazılıq edən bəzi vətəndaşlar sürücülərin fiziki təzyiqinə məruz qalmış və həmin vətəndaşların polisə düşməsi ilə nəticələnmişdir.

Bu halın yenidən təkrar olunmaması üçün yük maşınlarının kənd daxili yolla hərəkətinin dayandırılmasını, alternativ yolla hərəkət etmələri üçün kənd sakinləri tərəfindən dəfələrlə Zəyəm kənd İcra Nümayəndəsi Rövşən Salamova şikayətlər olunmuşdur. Təssüflər olsun ki, Rövşən Salamov nədənsə bunun qarşısını alınması ilə bağlı tədbir görməkdən yayınmışdır. Əksinə, olaraq çəkisi 40-50 ton olan yük maşınlarını kənd daxili yolla hərəkətinə şərait yaratmışdır. Odur ki, bu məsələni içtimailəşdirməkdə məqsədimiz dövlətimiz tərəfindən 2014-cü ildə çəkilmiş asfalt yolun dağıdılmasının qarşısının alınması və Əraziyə cavabdeh olan İcra Nümayəndəsinin bu məsələ ilə ciddi məşqul olmasıdır.”

Facebookda şərh edin