AMEA: Alban kilsələri tarixinin mənimsənilməsinə yol verilməməlidir

17:54 | 3 Fevral, 2021

AMEA akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun əməkdaşları Azərbaycanın Şimal-Qərb bölgəsində kənd turizm potensialını tədqiq ediblər.

“Report”un məlumatına görə, Turizm və rekreasiya coğrafiyası şöbəsinin müdiri Zaur İmrani bildirib ki, regionun etnik kənd turizm potensialı öyrənilib, Balakən, Zaqatala, Qax, Şəki və Qəbələ inzibati rayonlarında müsəlman və xristian ingiloyların, avarların, saxurların, ləzgilərin və udinlərin kompakt yaşadıqları kəndlərdə təbii və antropogen turizm abidələrinə baxış keçirilib.

O qeyd edib ki, bu zaman öz unikallığı ilə seçilən turizm abidələri ilə yanaşı, turizm sektorunda mövcud olan bir sıra problemlər də müəyyən edilib: “Məlum olub ki, bəzi turizm abidələri lazımı səviyyədə qorunmur, onların mühafizəsi aparılmır, ətraf ərazilərdə natəmizlik hökm sürür, kənd əhalisinin mal-qarası abidələrin hasara alındığı yerlərdə otarılır. Məsələn, Qax inzibati rayonunun Qum kəndində V əsrə aid Qum bazilikasının bərpasına və mühafizəsinə, Balakən inzibati rayonunun Katex kəndindəki Böyük səddin qalıqlarının ətraf ərazilərinin zibillikdən təmizlənməsinə, Zaqatala dövlət təbiət qoruğu ərazisində olan tarixi-mədəni abidələrin öyrənilməsinə və s. ehtiyac var”.

Şöbə müdirinin sözlərinə görə, bölgədə turistlərin daha çox marağına səbəb olan bütün alban kilsələrinin gürcü alimləri tərəfindən gürcü abidələri kimi qələmə verilməsi adi hal alıb. Bunu Bondo Arveladzenin “Армянские или грузинские церкви в Грузии?!” əsərində açıq şəkildə görmək olar. Bundan başqa, alban tayfalarından olan gellər, XVII əsrdən etibarən “ingiloy” adlanan etnos və “Kürmük oba bayramı” da gürcüləşdirilir. Bu məsələ isə İlisu sultanlığı işğal edildikdən sonra (1844-cü ildən etibarən) bölgədə aparılan xristianlaşdırma siyasəti ilə bağlıdır”.

Alim hesab edir ki, Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi alban kilsələrinin üzərinə lövhələrin qoyulması ilə kifayətlənməməli, hər bir alban kilsəsi barədə ətraflı məlumat verilməli, onların mühafizəsi işi təşkil olunmalı, “Alban kilsələri” marşrutu hazırlanmalı və turistlərə təqdim olunmalıdır. Eləcə də tarixçilər və coğrafiyaçılar bu istiqamətdə birgə elmi araşdırmalar aparmalı və qeyd edilən bu ciddi problemi aradan qaldırmalıdırlar.

Facebookda şərh edin