Qaxda arı ailələrinin sayı artıb

04:40 | 6 Fevral, 2021

Ötən il Qax rayonu üzrə Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində 26 min 863 arı ailəsi qeydiyyata alınaraq təsdiq edilib. Hazırda rayonda 897 təsərrüfatçı arıçılıqla məşğul olur. Nazirlər Kabinetinin təsdiq etdiyi “Arıçılıqla məşğul olan fiziki və hüquqi şəxslərə saxladıqları hər arı ailəsinə (pətəyə) görə subsidiya verilməsi Qaydası”na uyğun olaraq, ötən il rayonun arıçılarına dövlət büdcəsinin vəsaiti hesabına hər arı ailəsinə 10 manat hesabı ilə 268 min 630 manat subsidiya verilib.

Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Qax Dövlət Aqrar İnkişaf Mərkəzinin heyvandarlıq sektorunun müdiri Nurlan Həsənov məlumat verib.

Sektor müdiri bildirib ki, arıçılığın inkişafına dövlət dəstəyi nəticəsində 2020-ci ildə rayonda arıçılıq təsərrüfatlarının sayı əvvəlki illə müqayisədə 100 təsərrüfat, arı ailələrinin sayı isə 5179 ailə artıb. Arıçılardan Məhərrəm Cəmilov arı pətəklərinin sayını son bir ildə 107 ailə artıraraq 482 pətəyə, Adıgözəl Cəmilov isə 58 ailə artıraraq 372 pətəyə çatdırıb. Digər təsərrüfatlarda da arı ailələrinin sayı ildən-ilə artır.

Facebookda şərh edin