Əslən Qaxdan olan döyüşçü müəllim: “Dronlar başımızın üstünü aldı…” – Film kimi olay

19:40 | 9 Fevral, 2021

Vətən o qədər müqəddəsdir ki, uğrunda heç düşünmədən canını fəda edə bilirsən. Özü də əsla çətinlik çəkmədən. Əksinə, gülə- gülə, toya-bayrama gedirmişcəsinə. Bu mənada, şübhəsiz ki, şəhid olanları xoşbəxt hesab edə bilərik. Onlar nəinki adlarını, hətta soyadlarını da tarixə yazırlar, ailələrinin başlarını uca edirlər. Biz Vətən müharibəsi dövründə də bunu gördük. Hərbi əməliyyatların şəhid və qaziləri indi yüzlərlə nəslin və bütöv bir xalqın qəhrəmanına çevriliblər.
Onlardan biri də 1995-ci ildə Qax rayonunda anadan olan Təbriz Cavadzadədir. Təbriz bəy 2002-2013-cü illərdə kənd orta məktəbində təhsil alıb. Ardınca Azərbaycan Dövlət Pedaqoji Universitetində “Tarix və coğrafiya müəllimliyi” ixtisasını bitirib. 2017-2018-ci illərdə ön cəbhədə, N saylı hərbi hissədə xidmət edib.
Vətənə xidmətini başa vurduqdan sonra orta məktəbdə müəllim kimi fəaliyyətə başlayıb. Və həmin müddətdə həm də magistr təhsili alıb. Sentyabrın 29-dan etibarən siravi əsgər kimi, minaatan mərmiçisi vəzifəsində cəbhədə könüllü vuruşan gənc müəllim hazırda mərkəzi hərbi hospitalda müalicə alır.
O, şərəfli döyüş yolu barədə “Sherg.az”a danışıb:
“Əməliyyatlara Murovdağ istiqamətində başladıq. Ərazi çox soyuq idi. Yuxusuzluq və aclıqdan da əziyyət çəkirdik. Amma bütün bunlar bizi yolumuzdan döndərə bilmirdi. Murovdağda ermənilərin bir neçə postunu dağıtdıq. Ardınca bizi cənuba- Füzuli- Xocavənd istiqamətinə yolladılar. Gecə-gündüz bilmədən döyüşürdük. Əlbəttə, itkilərimiz də olurdu. Fəqət intiqamımızı birə- beş alırdıq. Düşmənə aman vermirdik ki, mövqe tutsun. Noyabrın 6-da Xocavəndin Tuğ kəndinə idik.
Bizə Şuşaya əks-hücum əmri veriləndə çox sevindik. Dağ yolları keçilməz idi. Ümumiyyətlə, demək olar, yol yox idi. Tərslikdən texnika hərəkəti dayandığına görə, piyada irəliləyirdik. Ermənilər isə minaatanlardan bizi intensiv atəşə tuturdular.
Ayın 10-na kimi nə yemək yedik, nə də yatdıq. Ancaq su içirdik- o da tapa bilsək. Təsəvvür edin, bir litr suyu on nəfər iki gün içdik. Mərmi “yağışı” altında idik. Məğlub olduğunu anlayan ermənilər Şuşa ətrafı kəndləri hədəfə alırdılar. 9 noyabrda Şuşanın girişinə çatmışdıq”.
T.Cavadzadənin fikrincə, onlara çətinliklərin öhdəsindən gəlməyə kömək edən qüvvə məhz Vətən sevgisi olub:
“Növbəti tapşırığımız Laçın dəhlizində mövqe tutaraq Şuşa və Xankəndinə gələn yolun qarşısını almaq idi.  Çox çətin yerlərdən keçirdik. Yüngülləşməkdən ötrü pencəyimi, buşlatımı çıxarıb atdım ki, sürətlə irəliləyə bilim.
Geri qalsam, əsir düşə bilərdim. Çünki üç bir yanımız erməni idi. Bir neçə saat sonra düşmən dronları başımızın üstünü aldı və olduğumuz yeri borbardman etməyə başladı. Mərmilər yanımıza düşsə də, heç kim geri qayıtmaq barədə düşünmürdü. Əksinə, hər kəs irəli gedirdi.
Qəfil çox yaxından səs gəldi. Yoldaşlarım kimi mən də yerə uzandım. Düz yaxınlığımıza düşən mərminin zərbə dalğası məni qaldırıb yerə çırpdı. Başıma qaldıranda gördüm ki, arxamdakı altı döyüş yoldaşım, o cümlədən bateraya komandirim mayor Süleymanov şəhid olub.
Eşidə bilmirdim. Yoldaşlarım ayağa qalxmağıma kömək etdilər. Bir təhər ərazidən çıxa bildik. Dediyim kimi, yoldaşlarımın yarısı şəhadətə qovuşmuşdu. Düşünürdüm ki, şəhid olsam, heç olmasa, cəsədim evə çatsın.
Gecə bir səngər tapıb, mövqe tutduq. Səhərədək orada qaldıq. Səhər xüsusi təyinatlı bir gizir gəlib niyə səngərdə olduğumuzu soruşdu. Və, əlavə etdi: “Qələbə qazanmışıq”.
Heç kim inanmırdı, bu sözlər bizə yuxu kimi gəlirdi. Gizirin dediklərinin zarafat olmadığını anladıqdan sonra isə hönkür-hönkür ağlamağa başladıq. Bir gün əvvələdək eyni qabdan yemək yediyimiz şəhid qardaşlarımızı xatırlayıb, qəribə hisslər keçirdik.
Sizə heç vaxt unutmayacağım bir epizodu da danışım: yoldaşlarımız şəhid olan gün mən də travma almışdım, gəzməyə çətinlik çəkirdim. Bu vaxt qardaşlarımızdan biri “Müəllim, evdəkilərin xətrinə dayanma, güc topla, gedək” dedi. Həmin sözləri mənə güc verdi. Möcüzə oldu sanki. Çıxılmaz yerdən çıxdım.
Sonra Laçın dəhlizində günlərlə yağışın altında qaldıq. Təminat çatdırıla bilmirdi. Lakin qələbə sevinci bizi doyurmuşdu. Dekabrın 28-də ordudan tərxis olundum. İndi bircə söz deyə bilərəm: Vətən sağ olsun!”.
Facebookda şərh edin