Subsidiyaların verilməsi Qaxda heyvan sahiblərinin süni mayalama tədbirlərinə marağını artırıb

19:58 | 9 Fevral, 2021

Ötən il Qax rayonunda 4809 baş inək və düyə süni yolla mayalandırılıb. Bu, əvvəlki illə müqayisədə 718 baş çoxdur. Süni mayalama yolu ilə alınan buzovların sayı isə 2019-cu illə müqayisədə 74 baş artaraq 2728 baş olub.

Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Qax Dövlət Aqrar İnkişaf Mərkəzinin heyvandarlıq sektorunun müdiri Nurlan Həsənov məlumat verib.

Qurum rəsmisi bildirib ki, ötən il Qax rayonu üzrə 1578 nəfər heyvan sahibinə süni mayalama yolu ilə alınan 2501 baş cinsi yaxşılaşdırılmış buzova görə 250 min 100 manat subsidiya ödənilib.

Sektor müdirinin məlumatına görə, Azərbaycan Prezidentinin “Heyvandarlığın cins tərkibinin yaxşılaşdırılmasına dövlət dəstəyi haqqında” müvafiq Sərəncamının icrası olaraq, son 5 ildə Qax rayonu üzrə süni mayalama yolu ilə alınan 9 min 467 baş cinsi yaxşılaşdırılmış buzova görə heyvan sahiblərinə hər buzova 100 manat olmaqla, ümumilikdə, 946 min 700 manat subsidiya ödənilib. Eyni zamanda, mal-qaranın cins tərkibinin yaxşılaşdırılması məqsədilə son illər fermerlər tərəfindən dövlətin güzəştli şərtləri ilə satılan 170 baş damazlıq heyvan alınıb.

Facebookda şərh edin