Qaxın mədəniyyət işçiləri müharibə qazisini ziyarət ediblər

23:25 | 10 Fevral, 2021

Şəki Regional Mədəniyyət İdarəsinin strukturuna daxil olan mədəniyyət müəssisələrinin rəhbər şəxsləri və əməkdaşları torpaqlarımızın erməni işğalçılarından azad edilməsi uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalan qəhrəman Vətən oğullarının ailələrini, eləcə də döyüşlər zamanı yaralanan qaziləri mütəmadi olaraq evlərində ziyarət edir, onlara mənəvi dəstək olurlar.

Regional İdarənin Qax rayonu üzrə nümayəndəsi Dilarə Əzizova AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, nümayəndəliyin təmsilçiləri fevralın 10-da Vətən müharibəsi qazisi, Qax şəhər sakini Veysəlli Məhəmməd Rəşid oğlunu ziyarət ediblər. Məhəmməd Şuşa uğrunda gedən döyüşlərdə ayağından yaralanıb. Hazırda onun müalicəsi davam etdirilir.

Görüşdə vurğulanıb ki, 44 gün davam edən Vətən müharibəsində qazanılan tarixi Qələbə, ilk növbədə, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Azərbaycan Ordusunun qəhrəman əsgər və zabitlərinin böyük rəşadətinin təntənəsidir. Bu şanlı Qələbənin qazanılmasında Qaxın igid oğullarının da əməyi az olmayıb. Müharibənin ilk günlərindən böyük ruh yüksəkliyi ilə cəbhəyə yollanan yüzlərlə qaxlı könüllü gənc, həmçinin hərbi xidmətdə olan əsgər və zabitlər torpaqlarımızın işğaldan azad edilməsi uğrunda başlanan Vətən savaşında şərəfli döyüş yolu keçib, qəhrəmanlıq göstəriblər. Bu döyüşlərdə şəhidlərimiz də olub, yaralananlar da. Xalqımız qəhrəman övladları ilə hər zaman fəxr edir.

Regional İdarənin Qax rayonu üzrə nümayəndəliyinin həmkarlar təşkilatı tərəfindən qazinin ailəsinə ərzaq yardımı göstərilib.

Facebookda şərh edin