Qaxın deputatı Azər Kərimli: “Gələcəkdə Qarabağ nəhəng bir ərazinin nəqliyyat habına çevriləcək”

02:48 | 18 Fevral, 2021

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın Füzuli, Zəngilan, Laçın və Cəbrayıl rayonlarına səfəri, dövlətimizin başçısının iştirakı ilə gerçəkləşən açılış və təməlqoyma mərasimləri, təkcə ölkəmizin deyil, bütövlükdə regionun gələcəyi, inkişafı üçün mühüm strateji əhəmiyyət daşıyır.

Bu sözləri Modern.az saytına açıqlamasında millət vəkili, Avronest Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri Azər Kərimli deyib.

Millət vəkilinin sözlərinə görə, səfər çərçivəsində Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun təməlin qoyulması Azərbaycanla Türkiyə arasında ikinci dəmir yolu əlaqəsinin yaranması, dəmir yolu xətlərinin diversifikasiyası baxımından olduqca önəmlidir: “Bütün digər istiqamətlərdə olduğu kimi, nəqliyyat dəhlizlərində də alternativlərin olması həm iqtisadi imkanların və əlaqələrin genişlənməsi, həm də təhlükəsizlik baxımından vacibdir. Digət tərəfdən, Ermənistan üzərindən Naxçıvana, oradan isə Türkiyə ərazisinə keçəcək dəmir yolu xətti məsafənin qısa olması səbəbindən, iqtisadi səmərəliliyi artıracaq, yükdaşınmalarında vaxt itkisinin qarşısnı alacaq”.

Azər Kərimli qeyd edib ki, işğaldan azad edilmiş rayonlarımızda həyata keçirilən layihələrin yaratdığı təəssürat, Prezident İlham Əliyevin Qarabağı regionun, subregionun logistik mərkəzinə çevirmək niyyətindən xəbər verir: “Cənab Prezident Azərbaycan torpaqlarının azad edilməsi prosesini uzunmüddətli strateji bir plan əsasında gerçəkləşdirdiyi kimi, bu ərazilərin inkişafına da uzaq hədəflərə yönəlmiş geostrateji baxış bucağından yanaşır. Füzuli rayonunda beynəlxalq hava limanının inşasını, çəkilən və çəkilməsi nəzərdə tutulan yeni avtomobil yollarını da nəzərə alsaq, yaxın gələcəkdə Qarabağın nəhəng bir ərazinin nəqliyyat habına çevriləcəyini söyləyə bilərik. Prezident İlham Əliyev “Qarabağı cənnətə çevirəcəyik” deyəndə, sadəcə işğaldan azad edilmiş ərazilərimizin bərpasını, həyata keçiriləcək abadlıq-quruculuq işlərini nəzərdə tutmur. Dövlət başçımız daha uzaq hədəfləri, Qarabağın iqtisadi inkişaf, biznes cənnətinə çevriləcəyini, burada insanların yaşaması və fəaliyyət göstərməsi üçün ideal imkanların yaradılmasını nişan verir”.

Millət vəkili Prezident İlham Əliyev tərəfindən Qarabağın yaşıl zona elan edildiyini, burada yalnız bərpa olunan enerji mənbələrindən istifadə ediləcəyini xatırladıb: “Bu isə sözün birbaşa və əsl mənasında ekoloji cənnət deməkdir ki, bu da öz növbəsində bölgənin turizm potensialını artıracaq, investisiya axınına imkan yaradacaq”.

Azər Kərimli ölkəmiz üçün strateji əhəmiyyətə malik olan Laçın rayonunda Azərbaycan bayrağının ucaldılmasına da diqqət çəkib: “Bu hər kəs üçün, xüsusilə də Ermənistandakı revanşçı qüvvələr üçün ciddi mesajdır. 44 günlük müharibənin nəticələri Ermənistan və ermənilər üçün ciddi dərs olmalıdır. Azərbaycan Ordusu Ermənistanın hərbi potensialını darmadağın edib və ölkəmiz müharibədən daha güclü çıxıb. Ermənistanın öz hərbi potensialını bərpa etməsinə, bu ölkənin indiki iqtisadi durumunu nəzərə alsaq, onillərlə vaxt lazımdır. Bu baxımdan, istənilən təxribat Ermənistan üçün intihara bərabər olacaq”.

Facebookda şərh edin