Bu gün Novruzun ilk çərşənbəsidir

00:55 | 23 Fevral, 2021

Bu gün Azərbaycanda Novruzun ilk çərşənbəsidir.

Artıq bu həftədən Su çərşənbəsi ilə Novruz bayramı üçün hazırlıqlar başlayır.

İnanclara görə, Tanrı suyu ilk olaraq yaratdığı üçün ilk çərşənbə kimi su çərşənbəsi qeyd edilir. Bəzi mənbələrdə ona “əzəli çərşənbə”, “gül çərşənbə” də deyirlər. Bu çərşənbədə suyun dirilməsi özünü göstərir. Qədim inanclara görə, bu çərşənbə suya tapınma inancı ilə başlayır. İnanca görə “təzə su”, yəni səhər dan yeri sökülməmiş götürülən köpüklü ağ su min bir dərdin dərmanı sayılır.

Yaz fəslinin gəlişini xəbər verən Novruz bayramı ilin başlanğıcı kimi də qəbul edilir. Məhz buna görə də insanlar sudan onun kimi şəffaf və gözəl bir ilin keçməsini arzulaya bilərlər. İlk tonqalın su çərşənbəsində yandırılması buzların əriməsi, artıq qışın arxada qalmasının göstəricisidir.

Su çərşənbəsində masa üzərinə su qoymaq, masada suyun aşması xeyirliyə yozulur. Əgər süfrənizdə su aşıb tökülərsə, həmin ilin sizin üçün bol bərəkət gətirəcəyi gözlənilir.

Su çərşənbəsi günü lal axan suyun üzərindən keçmək uğursuzluq əlaməti sayılır, həmçinin bu gün övladı olmayan bir qadının başından qırxaçar qabla su töksən, onun övladı dünyaya gələ bilər. Su çərşənbəsində hamının həyətində tonqal qalanır və bayram ovqatının yaxınlaşdığı nəzərə çatdırılır. Həmin gün insanların bir-birinin üzərinə su atması da uğura işarədir.

Qeyd edək ki, Azərbaycanda martın 2-də Od, martın 9-da Yel çərşənbəsi qeyd olunacaq. Novruzun ilaxır – Torpaq çərşənbəsi isə martın 16-da qeyd ediləcək.

Bu il Azərbaycana yaz fəsli martın 20-də saat 13:37:00 ölkəyə qədəm qoyacaq. Martın 20-si ölkədə bayram axşamı, 21-i isə bayram günü kimi qeyd ediləcək.

Xatırladaq ki, Novruz bayramında beş gün – 20-24 mart qeyri-iş günü olaraq müəyyən edilib. Bu il 20-21 mart şənbə və bazar günlərinə təsadüf etdiyinə görə bu istirahət günləri martın 24-nə və 25-nə keçirilir. Sonrakı 27-28 mart tarixləri də şənbə və bazar günləri olduğu üçün ardıcıl olaraq 9 gün – 21-29 mart qeyri-iş günü olacaq.

Facebookda şərh edin