Qaxın təsərrüfatlarında indiyədək 8 min hektaradək taxıl sahəsinə yemləmə gübrəsi verilib

23:34 | 28 Mart, 2021

Ötən ilin payızında Qax rayonunun təsərrüfatlarında 2021-ci ilin məhsulu üçün 14 min 91 hektar sahəyə taxıl səpilib. Taxıl əkinlərinin 10 min 36 hektarını buğda, 4 min 55 hektarını arpa sahələri təşkil edir. Payızlıq dənlilərin əkin sahəsi əvvəlki illə müqayisədə 1065 hektar artıb. Hazırda taxıl sahələrinə yemləmə gübrələri (azot, karbamid) verilir.

Qax Dövlət Aqrar İnkişaf Mərkəzinin bitkiçilik sektorunun müdiri Eyvaz Aslanov AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, yemləmə gübrələrinin tətbiqi payızlıq taxılın məhsuldarlığını artırmaqla yanaşı, onun keyfiyyət göstəricilərinin yüksəlməsinə də yaxşı təsir göstərir. İndiyədək 8 min hektaradək sahəyə yemləmə gübrəsi verilib və bu iş davam etdirilir. Yağışlardan sonra taxıl sahələrində alaq otlarına qarşı kimyəvi mübarizə tədbirlərinə də başlanılacaq.

Qurum rəsmisinin sözlərinə görə, rayonun təsərrüfatlarında tütün əkininə hazırlıq işləri də davam etdirilir. Cari təsərrüfat ilində rayonda 455 hektar sahədə tütün əkini nəzərdə tutulur. Qaxlı fermerlər bu il 425 hektar sahədə “Virciniya botaniki” və 30 hektarda digər növ tütün yetişdirəcəklər. Tütün əkini ilə əlaqədar indiyədək 52 fermerlə müqavilə bağlanılıb. Tütün şitillərinin yetişdirilməsi üçün istehsalçılar tərəfindən ümumi sahəsi 8 min kvadratmetrdən çox olan sadə istixanalar hazırlanaraq toxum səpilib. İstixanalarda yetişdirilən tütün şitilləri aprelin əvvəllərində sahələrə köçürüləcək.

Facebookda şərh edin