Leyla Əliyevanın rəhbəri olduğu IDEA İB-dən ərəb turistlərin Azərbaycanda ov etməsinə MÜNASİBƏT

22:27 | 29 Mart, 2021

IDEA İctimai Birliyi ərəb turistlərin Qax rayonunun Acınohur ərazisində qanunsuz ov etməsi məsələsinə münasibət bildirib.

Bu barədə İDEA İctimai Birliyi “Instagram” da paylaşım edib.

Paylaşımda qeyd edilir: “Son günlər Qax Dövlət Təbiət Yasaqlığında və ölkəmizin digər ərazilərində əcnəbi vətəndaşlar tərəfindən qanunsuz ovlama haqqında üzə çıxan faktlar bizi çox məyus etdi.
Xüsusən ov mövsümü bitdikdən sonra Qırmızı kitaba daxil olan və ya nadir növlər hesab edilən quşların, o cümlədən bəzgək, Qafqaz durnası, qaraqarın bağrıqara və baladovdaq növlərinin ovlanması Azərbaycan ictimaiyyətində haqqlı rezonansa səbəb oldu.

Belə ki, müasir Azərbaycanda təbiətə qarşı bu cür cinayətlər qəbuledilməzdir. Ümumiyyətlə planetimizdə, regionda və ölkəmizdə gedən mənfi proseslərin, o cümlədən iqlim dəyişikliyi, biomüxtəlifliyin və yaşayış areallarının sürətlə məhv olması, çirklənmə və digər problemlərin fonunda insanlar tərəfindən ətraf mühitə qəsdən əlavə stressin yaradılmasını anlamaq çətindir.

Ölkəboyu ekoloji fəallar və adi vətəndaşların bu əməllərə olduqca sərt reaksiyası cəmiyyətimizdə ekoloji məsələlərə artan diqqətin göstəricisidir”.

Facebookda şərh edin