Deputat Azər Kərimli: “Azərbaycanın qələbəsi haqqın, ədalətin təntənəsi, Türk Dünyasının böyük Zəfəridir”

19:55 | 1 Aprel, 2021

Prezident İlham Əliyev Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının qeyri-rəsmi Zirvə Görüşündəki nitqində olduğuqca mühüm istiqamətlərə diqəət çəkdi türk dünyasının birliyi ilə bağlı önəmli mesajlar verdi.

Bu sözləri Modern.az saytına açıqlamasında millət vəkili, Avronest Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri Azər Kərimli deyib.

Deputat qeyd edib ki, Prezident İlham Əliyev hələ 2009-cu ildə, Türkdilli ölkələrin dövlət başçılarının Naxçıvan şəhərində keçirilən IX zirvə görüşündə tarixi Azərbaycan torpaqları, o cümlədən Zəngəzur bölgəsi haqqında çox uzaqgörən və strateji fikirlər səsləndirib: “Cənab Prezidentin 44 günlük Vətən müharibəsindən 11 il öncə səsləndirdiyi fikirlər dövlətimizin başçısının strateji hədəfləri öncədən müəyyənləşdirdiyini və bu hədəflərə doğru inamla, qətiyyətlə irəliləyərək Azərbaycan xalqını böyük zəfərə apardığını sübuta yetirir. Prezident İlham Əliyev 2009-cu il oktyabrın 3-də, Naxçıvanda etdiyi çıxışda qeyd etmişdi ki, tarixi və əzəli torpağımız olan Zəngəzur bölgəsinin Azərbaycandan qopardılaraq Ermənistana birləşdirilməsi türk dünyasının coğrafi baxımdan parçalanmasına xidmət edib. Cənab Prezident İlham Əliyev Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının martın 31-də baş tutan qeyri-rəsmi Zirvə Görüşündəki nitqində isə 44 günlük Vətən müharibəsi nəticəsində Azərbaycanın bölgədə yaratdığı reallıqların tarixi ədaləti yenidən bərqərar etdiyini vurğuladı və qeyd etdi ki, qədim Azərbaycan torpağı olan Zəngəzur indi türk dünyasını birləşdirəcək. Çünki Zəngəzurdan keçən nəqliyyat, kommunikasiya, infrastruktur layihələri bütün türk dünyasını bir araya gətirəcək, eyni zamanda, digər ölkələr üçün əlavə imkanlar yaradacaq”.

Azər Kərimli bildirib ki, Azərbaycan Prezidentinin uzaqgörən siyasəti, strateji hədəflərini dəqiq və mükəmməl şəkildə müəyyənləşdirərək həyata keçirməsi nəticəsində ölkəmizin ərazi bütövlüyünün təmin olunması ilə yanaşı, Türk Dünyasının coğrafi birliyi üçün böyük imkanlar yaranıb: “Bu baxımdan Azərbaycanın qələbəsi haqqın, ədalətin təntənəsi, Türk Dünyasının böyük Zəfəridir”.

Deputat Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının qeyri-rəsmi Zirvə Görüşünün türk xalqları və dövlətləri arasındakı əlaqələrin inkişafına yeni töhfələr verəcəyini vurğulayıb və qeyd edib ki, Azərbaycan hər zaman olduğu kimi bundan sonra da Türk Dünyasının fikir, ideya mərkəzi missiyasını uğurla yerinə yetirəcək.

Facebookda şərh edin