Qax müəllimindən Azərçin Muradova cavab: “Günah keçisi” axtarmayın. Deyin ki, biz beləyik. Göstəriş gələndə, pulla qanunları pozuruq

00:22 | 2 Aprel, 2021

İlisu Dövlət Təbiət Qoruğunun direktor müavini Azərçin Muradov “Ekspert saatı”nda çıxışı sosial şəbəkələrdə birmənalı qarşılanmayıb. Xüsusən də Qax rayonunda bir çox insanlar Azərçin Muradova öz etirazlarını bildirərək, onları trol adlandırdığına və ovu əsasən kasıb adamların etməsi ifadəsinə kəskin etiraz ediblər. Bu fikirlərdən biri də Qax rayonunda yaşayan və “Azərbaycan Dili” müəllimi çalışan Lətif Nurməmmədovə aiddir. Qax.org.az saytı olaraq, həmin cavabı olduğu kimi təqdim edirik:
“Hörmətli Azərçin bəy, çıxışınıza baxdım. Çıxınızda ərəblərlə bağlı paylaşım edənləri, rəy bildirənləri trol adlandırırsınız. Paylaşım və rəy bildirdiyim üçün, bir ziyalı kimi buradan sizə cavab verməyi özümə borc bildim.
Bəli, Qaxda ziyalı çoxdur, ancaq həqiqətən ziyalı olan, millətin qeydinə qalası, təbiəti qorumaq haqqında düşünən ziyalılar vəzifədə oturmayıb. Vəzifədə oturanları, yəqin ki, məndən yaxşı tanıyırsız. Onların təbiətə münasibəti göz qabağındadır.
Heç də kəndlərdə insanlar öldürməkdən, kəsməkdən danışmırlar. Kəndlə sıx bağlı olduğum üçün kənddəki insanların nə danışdırlarını yaxşı bilirəm. Deyim siz də bilin. Kənddəki insanlar karantinin verdiyi çətinliklər içində yaşamaq, dolanışıq haqqında danışırlar. Bu il əvvəlki illlərə nisbətən havalar soyuq keçir. İnsanlar odun, ot haqqında danışırlar. İnsanların təbiəti düşünmək üçün vaxtları qalmır və o haqda heç bir şey danışmırlar. Yanlışınız var!!!
Təbiəti sevməkdən danışırsınız. Sizin təbiət vurğunu olmağınızı şübhəm yoxdur. Ancaq bu məsələ ilə bağlı “günah keçisi” axtarmağınızı sizə yaraşdırmadım. Sadəcə deyə bilərdiniz ki, bu məsələ məni aşırdı və ya səssiz qalmağınız məsləhət idi.
Qeyd etdiyiniz kimi brokonerlik var və bu yol verilməzdir. Sizinlə tam razıyam. Ancaq bir sual verim. Bəs vəzifə sahibləri ova gedəndə adı nə olur??? Rayonda camaat çox yaxşı bilir ki, “yuxarıdan” gələn “qonaqlar” Qaxın məhşur ovçuları ilə birlikdə ova gediblər və bəlkə də yenə də gedirlər. Belə olan haqda Qırmızı kitabımız da olar, qara kitabımız da. Heç bir halda ov edənlərə haqq qazandırmaram. İnsanlarda haqsız olsalar da, belə bir sual yaranır. Yuxarıdan gələnə olar, yerli vəzifə sahiblərinə olar, mənə niyə olmaz??? Yəqin ki xatırlayırsınız, İllər əvvəl Qaxda Yanğınsöndürmə idarəsinin qarşısında bir cüyür tutulmuşdu. “Qoruq” müdiri onu maşınına qoyub təbiətə buraxdı??? Təbii ki, yox. İki-üç gün sonra səsi çıxdı hansı restoranda qarınlarına buraxıblar. Qaxın yüksək çinli məmuru ceyran ovlayanda da təbiət sevər idiniz??? Bəlkə, ov zamanı orda olmamısınız, amma xəbəriniz olub və səsinizi çıxarmamısınız.
Meşələrin qırılmasına toxunmusunuz. Ancaq siz də bilirsiniz ki, Qaxın 58 kəndindən 32-də təbii qaz yoxdur və yanacaq kimi ağac materialından istifadə edilir. Qoruq ərazisinə düşən, qazı olmayan kəndlər (Qum, Çınarlı-rayona məsafə 5-7 km) var. İnsanlar necə isinməlidirlər, neçə yaşamalıdırlar??? Əvvəl də dediyiniz kimi yenə deyəcəksiz ki, bu mənim işim deyil. Haqlısız sizin işiniz deyil. Ancaq kənd camaatını günahlandıra bilirsiniz. Avropa ilə müqayisə aparırsınız. Bəs niyə yaşayışı müqayisə etmirsiniz. Niyə Avropadakı məmurlarla yerli məmurları müqayisə etmirsiniz???
Sizdən xahişim budur ki, “günah keçisi” axtarmayın. Avropada olduğu kimi, şəxs olaraq demirəm idarə, nazirlik olaraq çıxıb üzr istəyin. Deyin bizim səhvimiz olub. Ya da deyin biz beləyik. Göstəriş gələndə, pulla qanunları pozuruq. Camaatın da heç nəyə dəxlisi qalmayıb, vəssalam.
Hörmətlə: Lətif Nurməmmədov”
Facebookda şərh edin