Qaxda “Apreldən başlanan zəfər yolu” adlı dəyirmi masa keçirilib

18:55 | 2 Aprel, 2021

2016-cı ilin Aprel döyüşləri erməni işğalçıları üzərində 2020-ci ilin sonlarında əldə etdiyimiz Böyük Qələbənin başlanğıc nöqtəsi idi. Aprel döyüşləri Azərbaycan xalqının və Ordusunun tarixi ərazimiz olan Qarabağın işğaldan azad edilməsi üçün hər cür fədakarlığa və hərbi qüdrətə hazır olduğunu bütün dünyaya sübut etdi. Aprel döyüşləri hərb tariximizin qəhrəmanlıq salnaməsidir.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu fikirlər Aprel döyüşlərinin 5 illiyi ilə əlaqədar Qax rayon Mədəniyyət Mərkəzinin təşkil etdiyi “Apreldən başlanan zəfər yolu” adlı dəyirmi masada səsləndirilib.

Tədbirdə I Qarabağ müharibəsinin veteranı Surxay Musayev, Vətən müharibəsinin iştirakçısı Ruslan Əfəndiyev, mədəniyyət işçiləri iştirak ediblər.

Dəyirmi masada Şəki Regional Mədəniyyət İdarəsinin Qax rayonu üzrə nümayəndəsi Dilarə Əzizova, Mədəniyyət Mərkəzinin direktoru Kəmalə Məcidova çıxış edərək, 2016-cı ilin Aprel döyüşlərinin əhəmiyyətindən, döyüşlərdə iştirak edən əsgər və zabitlərimizin şücaətindən söz açıblar.

Tədbirdə çıxış edən I Qarabağ müharibəsi veteranı Surxay Musayev bildirib ki, Aprel döyüşləri Azərbaycan Ordusunun gücünü, qüdrətini, hərbçilərimizin qələbə əzmini daha da artırdı. “Aprel döyüşləri bizim şanlı qələbəmizdir. Dövlətimizin, xalqımızın, ordumuzun gücünü göstərən qələbədir. Bu döyüşlər sübut etdi ki, Azərbaycan Ordusu öz torpaqlarını erməni işğalçılarından təmizləmək qüdrətindədir”, – deyə müharibə veteranı qeyd edib.

Vətən müharibəsinin iştirakçısı Rəsul Əfəndiyev çıxışında Cocuq Mərcanlıdan başlayan Böyük Qayıdışın xalqımızı illərlə həsrətində olduğu Qarabağ torpaqlarına, mədəniyyət beşiyimiz olan Şuşaya qovuşdurduğunu vurğulayıb.

Tədbirdə 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusunun düşmən üzərindəki inamlı qələbəsindən, əsgər və zabitlərimizin qəhrəmanlığından söz açılıb, Ermənistan silahlı birləşmələri üzərində qazanılan Qələbəyə görə Müzəffər Ali Baş Komandan İlham Əliyevə, rəşadətli ordumuza dərin minnətdarlıq ifadə olunub.

Facebookda şərh edin