Qaxlı şəhid Hacıəhməd Hacıəhmədlinin xatirəsi yad edilib

19:58 | 6 Aprel, 2021

Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan mərd oğullardan biri də Qax rayonunun Zərnə kəndindən olan Hacıəhməd Hacıəhmədlidir. Aprelin 6-sı şəhid Hacıəhmədin doğum günüdür. Bu münasibətlə Zərnə kənd Mədəniyyət evinin kollektivi şəhidin doğmaları ilə birlikdə məzarını ziyarət edib, xatirəsini ehtiramla yad ediblər. Mərasimdə, həmçinin şəhidin döyüş yoldaşları, yaxınları iştirak ediblər.

Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Şəki Regional Mədəniyyət İdarəsinin Qax rayonu üzrə nümayəndəsi Dilarə Əzizova məlumat verib.

Anım tədbirində həyatının 23-cü ilində əbədiyyətə qovuşan Hacıəhmədin ömür yolundan, vətənpərvərliyindən, döyüşlərdə göstərdiyi qəhrəmanlıqlardan söz açılıb, şəhidlərin əziz xatirəsinin qəlblərdə əbədi yaşayacağı, heç zaman yaddaşlardan silinməyəcəyi xüsusi vurğulanıb.

Bildirilib ki, Vətən müharibəsi başlandığı gündən ön cəbhədə olan Hacıəhməd Zəngilanın, Qubadlının, Cəbrayılın, Füzulinin və Şuşanın azad olunması uğrunda gedən döyüşlərdə iştirak edib, düşmənə qarşı igidliklə vuruşub. O, noyabrın 8-də Şuşa uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Döyüşlərdə göstərdiyi qəhrəmanlığa görə Hacıəhməd Hacıəhmədli ölümündən sonra “Vətən uğrunda”, həmçinin Zəngilanın, Qubadlının, Şuşanın azad olunmasına görə medalları ilə təltif olunub.

Mərasimdə Şuşa şəhərindən gətirilən torpaq şəhidin qəbrinin üstünə səpilib.

Facebookda şərh edin