Qaxda 17 yaşlı məzunun idarə etdiyi avtomobil mikroavtobusla toqquşub, ölən və yaralılar var – FOTO

00:34 | 16 İyun, 2021

Qax rayonunda ağır yol qəzası baş verib.

“Report”un Şimal-qərb bürosunun məlumatına görə, hadisə axşam saatlarında Qorağan-Qax-Zaqatala avtomobil yolunun, Qaxın Ləkit kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, Qax istiqamətində hərəkət edən Ləkit kənd sakini, 2004-cü il təvəllüdlü Cəfərov Cəfər Şamil oğlunun idarə etdiyi 10-KE-722 dövlət qeydiyyat nişanlı “Daewoo” markalı minik avtomobili Balakən rayonu istiqamətində hərəkət edən 99-VX-849 dövlət qeydiyyat nişanlı “Mercedes Vita” markalı mikroavtobusla toqquşub.

İlkin məlumata görə, qəza nəticəsində “Daewoo”nun sürücüsü C.Cəfərov ölüb, habelə daha 7 nəfər yaralanıb. Yaralılar Qax Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Əraziyə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

Qeyd edək ki, sürücü də daxil olmaqla, “Daewoo”dakı sərnişinlərin üçü də məzundur.

Fakt araşdırılır.

Facebookda şərh edin