Qaxda Tovuz döyüşləri şəhidlərinin xatirəsi anılıb

02:03 | 15 İyul, 2021

Tovuz döyüşlərinin ildönümü ilə əlaqədar iyulun 13-də Qax rayon Mədəniyyət Mərkəzində anım tədbiri keçirilib. Tədbirdə şəhidlərin ailə üzvləri, Vətən müharibəsi qaziləri, gənclər, mədəniyyət işçiləri iştirak ediblər.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbirin əvvəlində 2020-ci ilin iyulunda Ermənistan-Azərbaycan dövlət sərhədinin Tovuz rayonu sahəsində Ermənistan silahlı qüvvələrinin təxribatlarının qarşısını alarkən canlarını fəda etmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri mərkəzin direktoru Kəmalə Məcidova açaraq, şanlı Zəfərlə başa çatan Vətən müharibəsinə gedən yolun əsas mərhələlərindən olan Tovuz döyüşləri haqqında ətraflı məlumat verib.

Mədəniyyət Mərkəzinin əməkdaşları Nuriyyə Əlimova və Vüsalə Mustafayeva ötən il iyulun 14-də Tovuz istiqamətində baş verən şiddətli döyüşlər zamanı qəhrəmancasına şəhid olan general-mayor Polad Həşimovun keçdiyi şərəfli döyüş yolundan söz açıblar.

Şuşa fatehi, şəhid Asəf Ağayevin atası Abid Ağayev çıxış edərək, şəhidlərimizin qanı bahasına torpaqlarımızın bütövləşdiyini, Vətən yolunda canından keçən övladı ilə hər zaman qürur duyduğunu bildirib.

Tədbirdə iştirak edən Vətən müharibəsinin qaziləri Xəqani Yunusov, Fərid Kərimov cəbhə təəssüratlarından söz açıblar.

Şəki Regional Mədəniyyət İdarəsinin Qax rayonu üzrə nümayəndəsi Dilarə Əzizova şəhidlərimizin, Vətən müharibəsi qaziləri və iştirakçılarının qəhrəmanlıqlarla dolu şərəfli ömür yolunun gənclər üçün əsl örnək olduğunu bildirib.

Tədbirin sonunda Mədəniyyət Mərkəzinin bədii qiraət dərnəyinin üzvlərinin ifasında “Zəfər sənindir, Azərbaycan əsgəri!” adlı ədəbi-bədii kompozisiya təqdim olunub.

Facebookda şərh edin