Qaxda taxıl əkini sahələri 58 hektar artıb

20:59 | 17 Dekabr, 2018

Qax rayonunun təsərrüfatlarında 2019-cu ilin məhsulu üçün payızlıq dənlilərin səpini başa çatıb. Kampaniya dövründə fermerlər 13 min 815 hektar sahəyə toxum səpiblər. Taxıl əkinlərinin 10 min 934 hektarını buğda, 2 min 881 hektarını arpa sahələri təşkil edir. Payızlıq dənlilərin əkin sahəsi əvvəlki illə müqayisədə 58 hektar artıb.

Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Qax Rayon Statistika İdarəsindən məlumat verilib.

Qurumdan bildiriblər ki, rayonun təsərrüfatlarında bitkiçilik məhsullarının yığımı da başa çatıb. Təsərrüfat ilində əksər növ bitkiçilik məhsullarının istehsalında əvvəlki illə müqayisədə artım qeydə alınıb. Ən çox artım qarğıdalı istehsalında müşahidə olunub. Belə ki, bu il qaxlı fermerlər 1577 hektar qarğıdalı sahəsindən 12 min 337 ton məhsul əldə ediblər. Hər hektardan orta hesabla 78,2 sentner məhsul götürülüb. Dən qarğıdalı istehsalı əvvəlki illə müqayisədə 2 min 832 ton artıb.

Facebookda şərh edin