Qaxda yol polisi “Təmiz hava aylığı” ilə bağlı reyd keçirib

10:03 | 18 İyul, 2021

Atmosferin nəqliyyatdan atılan zərərli qazlarla çirkləndirilməsinin qarşısının alınması məqsədilə Qax Rayon Polis Şöbəsinin dövlət yol polisi bölməsinin əməkdaşları tərəfindən şəhər ərazisində hərəkətin intensiv olduğu yerlərdə nəzarət-profilaktik tədbirlər keçirilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan AZƏRTAC-a bildiriblər ki, tədbir zamanı 40-dək avtomobil saxlanılıb. Həmin nəqliyyat vasitələrinin atmosferə buraxdıqları zərərli qazların miqdarı xüsusi cihazlar vasitəsilə yoxlanılıb. Yoxlama zamanı bəzilərinin atmosferə normadan artıq tullantı ixrac etdiyi müəyyən olunub.

Yol polisi əməkdaşları həmin avtomobil sahibləri ilə izahedici söhbətlər aparıb və ixrac qazlarının normalara uyğunlaşdırılmasını təmin etdikdən sonra nəqliyyat vasitələrindən istifadə etməli olduqları onların diqqətinə çatdırılıb. Standartlara cavab verməyən avtomobillərin sürücüləri barəsində inzibati qaydada tədbir görülüb.

Facebookda şərh edin