Qax rayonunda 808 arıçıya subsidiya verilməsi nəzərdə tutulur

21:03 | 17 Dekabr, 2018

“Azərbaycan Respublikasında arıçılığın inkişafının stimullaşdırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 5 mart tarixli Sərəncamının icrası olaraq, Qax rayonu üzrə arıçılıqla məşğul olan 808 arıçıya saxladıqları 17 min 631 arı ailəsinə görə dövlət büdcəsinin vəsaiti hesabına hər arı ailəsinə 10 manat hesabı ilə 176 min 310 manat məbləğində subsidiyanın verilməsi nəzərdə tutulur.

Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Qax Dövlət Aqrar İnkişaf Mərkəzinin heyvandarlıq sektorunun baş məsləhətçisi Nurlan Həsənov məlumat verib.

Qurumun rəsmisi bildirib ki, birinci mərhələdə 387 arıçının təsərrüfatlarında olan 10 min 414 arı ailəsinə identifikasiya kodu verilib və sənədlər Respublika Komissiyasına təqdim olunub. Komissiyanın iclasında həmin arıçılara subsidiyanın verilməsi barədə qərar qəbul edilib.

Nurlan Həsənov deyib ki, hazırda qalan 7 min 217 arı ailəsinin də qeydiyyata alınması üçün zəruri işlər aparılır. Sənədlər hazır olduqdan sonra baxılmaq üçün Respublika Komissiyasına təqdim olunacaq.

Facebookda şərh edin