Qaxlı fermerlər indiyədək 88,2 ton quru tütün istehsal ediblər

18:51 | 22 Avqust, 2021

Qax rayonunun təsərrüfatlarında tütün yığımı gündən-günə sürətlənir. Qaxlı fermerlər mövsümün əvvəlindən indiyədək Zaqatala rayonunda fəaliyyət göstərən “Azərtütün ASK” MMC-yə məxsus, həmçinin “Zaqatala AGRO İndustry” MMC-nin tütün istehsalı və emalı məntəqələrinə 880 tonadək “Virciniya botaniki” növlü yaş tütün təhvil veriblər. İndiyədək bu emal məntəqələrində 88,2 ton quru tütün istehsal olunub.

Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Qax Dövlət Aqrar İnkişaf Mərkəzinin bitkiçilik sektorunun müdiri Eyvaz Aslanov məlumat verib.

Bildirilib ki, bu il qaxlı fermerlər 477 hektar sahədə tütün yetişdiriblər. Sahələrin 465 hektarına “Virciniya botaniki” növlü, 12 hektarına isə yerli tütün sortları əkilib.

Qurum rəsmisinin sözlərinə görə, təsərrüfatlarda qarğıdalı yığımına da son hazırlıq işləri görülür, texnika saz vəziyyətə gətirilir. Bu il rayonda 1516 hektar sahədə dən üçün qarğıdalı əkilib. Təsərrüfatlarda qarğıdalı yığımına yaxın günlərdə başlanılacaq.

Facebookda şərh edin