Bu il Qax rayonunda 7 subartezian quyusu qazılacaq

17:09 | 23 Avqust, 2021

Azərbaycan Prezidentinin “Balakən, Qax, Şəki və Zaqatala rayonlarında əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması və əhalinin içməli suya olan tələbatının ödənilməsinə dair əlavə tədbirlər haqqında” 2021-ci il 10 avqust tarixli Sərəncamının icrası çərçivəsində Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC tərəfindən bu il Qax rayonunda 7 subartezian quyusunun qazılması nəzərdə tutulub. Bu quyuların istismara verilməsi nəticəsində 7,6 min nəfərdən çox əhalinin yaşadığı 7 yaşayış məntəqəsində əkin sahələrinin və əkin üçün istifadə olunan həyətyanı torpaq sahələrinin suvarma suyu ilə təminatı daha da yaxşılaşdırılacaq, həmçinin əhalinin içməli suya tələbatı ödəniləcək.

Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin Qax rayon Suvarma Sistemləri İdarəsinin baş mühəndisi Nəzir Mustafayev məlumat verib.

Baş mühəndisin sözlərinə görə, subartezian quyularının qazılacağı Ağyazı, Amanlı, Cəlayir, Güllük, Qaratala, Şixlar və Tasmalı kəndlərində yerlər artıq müəyyənləşdirilib, sənədləşmə işləri aparılıb. Quyuların qazıntısına yaxın vaxtlarda başlanılacaq.

Qeyd edək ki, Prezident İlham Əliyevin imzaladığı sərəncamların icrası çərçivəsində Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC tərəfindən 2013-2020-ci illər ərzində Qax rayonunda 91 subartezian və artezian quyusu qazılaraq əhalinin istifadəsinə verilib.

Facebookda şərh edin