Gürcüstanın Dini Məsələlər üzrə Dövlət Agentliyinin rəsmiləri Qax rayonunda olublar – FOTOLAR

18:44 | 28 Avqust, 2021

Gürcüstanın Dini Məsələlər üzrə Dövlət Agentliyinin sədri Zaza Vaşaxmadzenin rəhbərlik etdiyi nümayəndə heyəti ölkəmizə səfəri çərçivəsində avqustun 28-də Qax rayonunda olub. Gürcüstanlı qonaqları Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) rəsmi şəxsləri, Gürcüstanın ölkəmizdəki səfiri Zurab Pataradze və səfirliyin əməkdaşları müşayiət ediblər.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, səfər proqramına uyğun olaraq, Gürcüstan nümayəndə heyəti əvvəlcə Qax Rayon İcra Hakimiyyətində rayon rəhbərliyi ilə görüşüb. İcra hakimiyyətinin başçısı Musa Şəkiliyev qonaqlara rayonun iqtisadiyyatı, mədəniyyəti, turizm potensialı, əhalinin etnik tərkibi və mövcud tolerant mühit barədə ətraflı məlumat verib.

Diqqətə çatdırılıb ki, Qax rayonunda əhalinin ümumi sayı 57 min 491 nəfərdir. Əhalinin 83 faizi azərbaycanlılar, 14 faizini gürcülər, 2 faizini saxurlar, qalanını isə digər millətlər təşkil edir. Rayonda təlimi gürcü dilində olan 6 məktəbəqədər təhsil müəssisəsi, 7 ümumtəhsil məktəbi, gürcülərin yaşadıqları kəndlərdə 5 səhiyyə müəssisəsi fəaliyyət göstərir.

Bildirilib ki, rayonda yaşayan azsaylı xalqların adət-ənənələrinin qorunub saxlanılması və inkişaf etdirilməsi üçün hər cür şərait yaradılıb. Gürcülərin yaşadığı kəndlərdə 4 mədəniyyət evi, 1 klub, 4 kitabxana filialı, habelə Əlibəyli kəndində Qax Dövlət Gürcü Dram Teatrı fəaliyyət göstərir. Mədəniyyət müəssisələrində fəaliyyət göstərən kollektivlərin respublika və rayon səviyyəli tədbirlərdə iştirakı təmin edilir.

Multikulturalizmin həyat tərzinə çevrildiyi və tolerantlıq nümunəsi olan Qax rayonunun gürcü pravoslav xristian əhalisi də rayonda yaşayan digər azsaylı xalqlar kimi, daim diqqət mərkəzində saxlanılır. Rayonda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən qeydiyyatdan keçmiş Qaxingiloy kəndindəki “Müqəddəs Georgi” və Əlibəyli kəndindəki “Müqəddəs Nino” kilsəsi gürcü pravoslav xristian dini icmaları fəaliyyət göstərir. Bu dini icmalara hər il dövlət tərəfindən müvafiq maliyyə yardımları ayrılır.

Gürcüstan nümayəndə heyəti adından bu ölkənin Azərbaycandakı səfiri Zurab Pataradze çıxış edərək, səmimi qarşılanmaya görə təşəkkürünü bildirib. Səfirliklə Qax Rayon İcra Hakimiyyəti arasında səmərəli əməkdaşlığın olduğunu vurğulayan səfir belə görüşlərin ölkələrimiz və xalqlarımız arasındakı münasibətlərin inkişafına güclü təkan verdiyini deyib. Səfir Gürcüstanın Dini Məsələlər üzrə Dövlət Agentliyinin nümayəndə heyətinin Azərbaycana səfər proqramının olduqca zəngin olduğunu, Bakıda çox səmərəli görüşlərin keçirildiyini diqqətə çatdırıb.

Gürcüstanlı qonaqlar sonra rayonun Qaxingiloy kəndində yerləşən “Müqəddəs Georgi” kilsəsini ziyarət edib, “Məryəmoba” bayramına qatılıblar.

Diqqətə çatdırılıb ki, “Müqəddəs Georgi” kilsəsi 1855-ci ildə Rusiya imperiyasının dövlət xəzinəsi hesabına tikilib. İbadətgahda dini ayinlərin icrası üçün hər cür şərait yaradılıb. Kilsə yerli əhəmiyyətli tarixi abidə kimi dövlət tərəfindən qorunur.

Gürcüstanlı qonaqlar kilsədə şam yandırıb, yerli sakinlərlə söhbət ediblər. Kilsədə dini ayinlər icra olunub.

Qax rayonuna səfərləri çərçivəsində Gürcüstanın Dini Məsələlər üzrə Dövlət Agentliyinin sədri Zaza Vaşaxmadzenin rəhbərlik etdiyi nümayəndə heyəti və onları müşayiət edən şəxslər Qaxingiloy kənd tam orta məktəbində də olub, müəllim və şagirdlərlə görüşüblər.

Məktəbin şagirdləri Azərbaycan və gürcü dillərində şeirlər söyləyib, mahnılar ifa ediblər.

Bildirilib ki, respublikanın hər yerində olduğu kimi, Qaxda da milli azlıqların övladlarının hərtərəfli təhsil almaları, onların bilikli, savadlı yetişmələri üçün bütün zəruri addımlar atılır.

Gürcüstanın Dini Məsələlər üzrə Dövlət Agentliyi və bu ölkənin Azərbaycandakı səfirliyi tərəfindən məktəbə və uşaqlara hədiyyələr təqdim olunub.

Sonra gürcüstanlı qonaqlar rayonun Əlibəyli kəndində yerləşən “Müqəddəs Nino” kilsəsini ziyarət ediblər.

Qax rayonuna səfərləri çərçivəsində qonaqlar Qax şəhərinin gəzməli-görməli yerləri ilə də tanış olublar.

Facebookda şərh edin