Qaxlı gənclər koronavirus pandemiyasına qarşı mübarizə tədbirlərinə fəal qoşulublar

19:11 | 3 Sentyabr, 2021

Son günlər ölkə ərazisində COVID-19 infeksiyasına yoluxma sayının artması ilə əlaqədar Qax rayonunda koronavirus pandemiyasına qarşı mübarizə tədbirləri daha da gücləndirilib. Sakinlər arasında aparılan ictimai maarifləndirmə tədbirlərinə rayonun gəncləri də fəal qoşulublar.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, icra hakimiyyəti aparatının məsul nümayəndələrindən, polis əməkdaşlarından və gənc könüllülərdən ibarət mobil qruplar karantin rejimi ilə əlaqədar müəyyənləşdirilmiş qaydalara əməl olunmasını təmin etmək üçün mütəmadi olaraq ictimai nəqliyyatda, ticarət və iaşə obyektlərində reydlər keçirir, əhali arasında maarifləndirici təbliğat işləri aparırlar.

Reydlər zamanı vətəndaşlara pandemiyaya qarşı mübarizədə qoruyucu vasitələrdən, tibbi maskalardan istifadə edilməsinin, gigiyena qaydalarına riayət olunmasının, sosial məsafənin saxlanılmasının, eyni zamanda, COVID-19 infeksiyasına qarşı peyvənd olunmanın vacibliyi ətraflı izah olunur.

Keçirilən növbəti ictimai maarifləndirmə tədbiri zamanı Gənclərin İnkişaf və Karyera Mərkəzinin Qax nümayəndəliyinin könüllüləri tərəfindən “Koronavirusa birlikdə qalib gələk”, “Vaksinasiyaya sən də hə de”, “COVID-19-un sonu vaksinasiya ilə başlayır” və digər şüarlar olan stiker-etiketlər əhalinin sıx toplaşdığı məkanlara, ticarət və ictimai iaşə obyektlərinin, bankomat və ödəmə terminallarımın qarşısına, ictimai nəqliyyat vasitələrinə yapışdırılıb.

Facebookda şərh edin