Qax mətbəxi Şəki Qida Festivalında nümayiş etdirilib

20:10 | 4 Sentyabr, 2021

Avropa İttifaqı tərəfindən maliyyələşdirilən və İqtisadi və Sosial İnkişaf Mərkəzi, “Uluçay” Sosial-İqtisadi İnnovasiya Mərkəzi və Bolqarıstanın İqtisadi İnkişaf Mərkəzi tərəfindən icra olunan “Məsləhət xidmətləri vasitəsilə aqroturizm, aqro-biznes sahibkarlığın və ərzaq məhsullarının istehsalının təşviqi və yeni dəyər zəncirlərinin yaradılması və inkişafı” layihəsi çərçivəsində bu gün Şəkidə Qida Festivalı təşkil edilib.

“Report” xəbər verir ki, bu layihə ölkənin müxtəlif regionlarında vətəndaş cəmiyyəti təşkilatları tərəfindən icra olunan və Avropa İttifaqı tərəfindən maliyyələşdirilən layihələrdən biridir. Layihə regionlarda yerli qida məhsullarının potensialının, eləcə də yerli kənd təsərrüfatı məsləhət xidmətlərinin keyfiyyətinin artırılmasını nəzərdə tutur.

Şəkidə “Uluçay” Sosial-İqtisadi İnnovasiya Mərkəzi tərəfindən təşkil olunan Qida Festivalının məqsədi yerli və xarici qonaqlar arasında yerli ənənəvi qidaların təşviqi və regionun qida ənənələrinə diqqəti artırmaqdır. Festivalda Şəki, Zaqatala, Qəbələ, Oğuz, Qax və Balakən rayonlarının ənənəvi yeməkləri və yerli kənd təsərrüfatı məhsulları təqdim edilib. Festivalda, Avropa İttifaqının Azərbaycan Nümayəndəliyi, Avropa İttifaqı üzv ölkələrinin səfirlikləri, Milli Məclisin üzvləri, beynəlxalq təşkilatlar və regiondan maraqlı tərəflər olmaqla, 200-dən çox qonaq iştirak edir.

“Uluçay” Sosial-iqtisadi İnnovasiya Mərkəzinin icraçı direktoru İlyas Səfərli bildirib ki, festival çərçivəsində kənd təsərrüfatı məhsullarının yarmarkası da təşkil ediləcək:” Qonaqlara regiona xas olan yeməklər təklif ediləcək. Məqsədimiz həm kənd təsərrüfatının,həm də qidaların təşviqidir. Bu gün burda Şəki pitisi qonaqlara təqdim edilməyəcək, çünki piti qonaqlar arasında çox məşhurdur. Bizim məqsədimiz tanınmayan yeməklərimizi təşviq etmək və təqdim etməkdir. Yarmarkada iştirak edən kiçik və orta sahibkarların sayı 10-11 nəfərdir. Tədbirin məqsədi məhsulların satışı deyil, onların məhsullarını təşviq edilməsidir”. O əlavə edib ki, bu gün burda iştirak edən fermerlərin xaricə çıxır imkanları azdı:” Yalnız bir-iki fermerin xaricə ixrac imkanları var. Festivalda iştirak edən bal istehsalçısının istehsal etdiyi məhsullar artıq dünyanın bir sıra ölkəsinə ixrac edilir”. İ. Səfərli deyib ki, həyata keçirilən layihə çoxşaxəlidir:” Biz fermerlərə müxtəlif tədbirlərlə dəstək göstəririk. Fermerlərin şəbəkələşməsinə dəstək göstəririk”.

Avropa İttifaqı tərəfindən maliyyələşdirilən “Məsləhət xidmətləri vasitəsilə aqroturizm, aqrobiznes sahibkarlığın və ərzaq məhsullarının istehsalının təşviqi və yeni dəyər zəncirlərinin yaradılması və inkişafı” layihəsinin məqsədi yerli fermerlərin hərtərəfli və sahibkarlıq yönümlü məsləhət xidmətlərinə çıxışını yaxşılaşdırmaqla yerli məhsulların satışında və aqroturizmin inkişafına kömək etməkdir.

Facebookda şərh edin