Regional inkişaf proqramlarının uğurlu icrası Qax rayonunun iqtisadiyyatının sürətli inkişafını təmin edib

20:01 | 9 Sentyabr, 2021

Azərbaycan Respublikası regionlarının inkişafı ölkədə uğurla həyata keçirilən davamlı sosial-iqtisadi inkişaf strategiyasının mühüm tərkib hissəsidir. Ölkənin sosial-iqtisadi inkişaf strategiyasında prioritet istiqamət kimi müəyyən edilən regional inkişaf üzrə Dövlət proqramları əhalinin işgüzar fəallığının artmasına, regionlarda sahibkarlıq fəaliyyətinin daha da genişlənməsinə, infrastruktur layihələrinin həyata keçirilməsinə, beynəlxalq tələblərə cavab verən rəqabətqabiliyyətli və ixracyönümlü məhsullar istehsal edən yeni müəssisə və obyektlərin yaradılmasına səbəb olub, vətəndaşların rifahı əhəmiyyətli dərəcədə yaxşılaşıb.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafına dair Dövlət proqramlarının uğurlu icrası nəticəsində ölkənin digər regionlarında olduğu kimi, Qax rayonunda da makroiqtisadi göstəricilərin səviyyəsində yüksək artım əldə edilib, sosial-iqtisadi inkişaf sahəsində nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsi əhalinin həyat səviyyəsinin daha da yüksəlməsində mühüm rol oynayıb.

2004-cü ildən uğurla icra olunan regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramları Qax rayonunun iqtisadi potensialının artmasına, infrastruktur təminatının, kommunal xidmətlərin keyfiyyətinin daha da yüksəlməsinə, əhalinin rifahının yaxşılaşmasına səbəb olub. Statistik məlumatlara görə, 2003-2020-ci illərdə rayonda iqtisadiyyatın əsas sahələri üzrə ümumi məhsul buraxılışının həcmi 7 dəfə artaraq, 19, 9 milyon manatdan 140,3 milyon manata çatıb. Bu illər ərzində rayonda sənaye məhsulu istehsalı 8 dəfə, kənd təsərrüfatı məhsulları istehsalı 5 dəfə, əsas kapitala yönəldilən vəsait 14,9 dəfə, o cümlədən tikinti işlərinin həcmi 19,6 dəfə artıb. Sahibkarların sayı 6,3 dəfə artaraq, 1137 nəfərdən 7145 nəfərə çatıb. Ötən müddət ərzində Sahibkarlığın İnkişafı Fondu tərəfindən yerli sahibkarlara 21,7 milyon manat məbləğində güzəştli kredit verilib, fermerlərə dövlət tərəfindən 17,8 milyon manat məbləğində yardım edilib. Dövlət proqramlarında nəzərdə tutulan tədbirlərin uğurlu icrası rayonda əhalinin məşğulluğunun təmin edilməsində də mühüm rol oynayıb. Belə ki, 2003-2020-ci illər ərzində rayonda 9657 yeni, daimi iş yeri açılıb.

Bu illər ərzində rayonda Olimpiya İdman Kompleksi, əlil və şəhid ailələri üçün 68 mənzilli 3 yaşayış binası və 11 fərdi ev, “Avtovağzal” kompleksi, 2 asfalt və 4 qum-çınqıl zavodu, 9 mineral suların qablaşdırılması, 5 fındıq və 1 süd məhsulları emalı müəssisəsi, tütün qəbulu məntəqəsi, məişət tullantılarının idarə edilməsi üçün poliqon, müxtəlif qurumların yerli şöbələri üçün inzibati binalar tikilib istifadəyə verilib, 150 çarpayılıq rayon Mərkəzi Xəstəxanası əsaslı təmir edilib, 12 turizm istirahət mərkəzi yaradılıb.

Regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramlarında nəzərdə tutulan tədbirlər çərçivəsində ötən müddətdə Qax rayonunda da ölkə əhəmiyyətli, rayonlararası və yerli əhəmiyyətli avtomobil yollarının tikintisi və yenidən qurulması istiqamətində çox mühüm işlər həyata keçirilib. Belə ki, regionların sosial-iqtisadi inkişafına dair üçüncü Dövlət Proqramının tədbirlər planına daxil edilən Şəki-Qax-Zaqatala avtomobil yolunun yenidən qurulması layihəsi çərçivəsində 2015-ci ilin noyabrında istifadəyə verilən Şəki-Qax avtomobil yolu Şəki və Qax şəhərləri arasında nəqliyyat əlaqəsinin yaxşılaşmasına, əvvəllər istifadə olunan 77 kilometrlik məsafənin 42 kilometr qısalmasına imkan verib. Yol 39 min nəfər əhalinin yaşadığı 22 yaşayış məntəqəsini əhatə edir.

Üçüncü Dövlət Proqramı çərçivəsində yenidən qurulan respublika əhəmiyyətli Qorağan-Qax-Zaqatala avtomobil yolunun Qax-Zaqatala hissəsinin ümumi uzunluğu 29,8 kilometrdir. Şəki-Qax avtomobil yolunun davamı olan bu yol da Böyük Qafqaz sıra dağlarının cənub ətəyi ilə uzanır və ölkənin ən böyük turizm marşrutlarından olan yolun bir hissəsidir. 2018-ci ildə inşası başa çatan bu avtomobil yolu Qax-Zaqatala rayonlarının 37 min nəfərdən çox əhalisi olan 22 yaşayış məntəqəsində nəqliyyat xidmətini əhəmiyyətli dərəcədə yaxşılaşdırıb, eləcə də bu rayonlar arasında mövcud olan yol məsafəsini xeyli qısaldıb.

Rayonun Ağyazı kəndinin ərazisində yaradılan və ümumi sahəsi 2044 hektar olan “Ulu Aqro” MMC-nin Qax Aqroparkı rayon iqtisadiyyatının güclənməsinə çox böyük təkan verir. Aqroparkda taxılçılıq, bitkiçilik və meyvəçilik təsərrüfatları fəaliyyət göstərir. Aqroparkın ərazisində 932 hektarda “pivot”, 795,2 hektarda “damlama” suvarma sistemləri quraşdırılıb. Aqropark üzrə payızlıq dənlilərin orta məhsuldarlığı hər hektar üçün 41 sentner, pivotaltı buğda əkinlərində isə 65 sentner təşkil edir. Aqroparkın ərazisində 795,2 hektar sahədə badam, qoz, üzüm və müxtəlif meyvə bağları salınıb.

Əsaslı şəkildə yenidən qurulan və 2018-ci ilin oktyabrında istifadəyə verilən Qax Damazlıq İpəkçilik Stansiyasında hazırda tut ipəkqurdu cins və hibridlərinin yüksək keyfiyyətli ilkin materialının hazırlanması və çoxaldılması işlərinə başlanılıb. Ənənəvi sahələrdən olan fındıqçılığın inkişaf etdirilməsi məqsədilə 2016-2020-ci illər ərzində 3391,5 hektar sahədə yeni fındıq bağları salınıb. 2020-ci ildə 496,4 hektar sahədən 755,6 ton quru tütün istehsal olunub.

Regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramlarında nəzərdə tutulan tədbirlər çərçivəsində rayonda sel sularından mühafizə, yeni bəndlərin tikintisi, torpaqlarının su təminatının yaxşılaşdırılması üçün meliorasiya-irriqasiya işləri də davam etdirilir. Əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması və əhalinin içməli suya olan tələbatının ödənilməsi məqsədilə ötən illər ərzində rayonda 156 ədəd artezian və subartezian quyusu qazılıb istifadəyə verilib. “Qax şəhərinin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsi” üzrə işlər qismən icra olunub və hazırda davam etdirilir.

Bu illər ərzində Qax rayonunda təhsilin maddi-texniki bazasının müasir tələblərə uyğun qurulmasına xüsusi diqqət yetirilib. 2003-2019-cu illər ərzində rayonda 25 yeni məktəb binası tikilib istifadəyə verilib, 3 məktəb binası əsaslı təmir edilib, 7 modul tipli məktəb quraşdırılıb.

Hazırda rayonda regionların 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafına dair dördüncü Dövlət Proqramında nəzərdə tutulan tədbirlərin icrası uğurla davam etdirilir. Yevlax–Zaqatala-Gürcüstan Respublikası ilə dövlət sərhədi (96 km) – Qax-İlisu avtomobil yolunun yenidən qurulması işləri başa çatdırılıb. Qaşqaçay və Qum kəndlərinin ərazisində intensiv fındıq bağları salınıb. Rayonda fəaliyyət göstərən “Api Delta” arıçılıq təsərrüfatının nəzdində bal məhsullarının qablaşdırılması məntəqəsi istifadəyə verilib. Qax şəhərində istismar müddəti başa çatmış çoxmənzilli binaların sakinlərinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə 48 mənzilli yaşayış binasının tikintisi başa çatdırılıb. Bu siyahını daha da artırmaq olar.

Ümumiyyətlə, son 17 il ərzində regional inkişaf proqramlarında nəzərdə tutulan tədbirlərin uğurlu icrası Qax rayonunun da iqtisadiyyatının güclənməsinə, əhalinin rifahının yüksəlməsinə geniş və hərtərəfli şərait yaradıb.

Facebookda şərh edin