V Ümumrespublika Uşaq Forumunda Qax rayonunu 3 uşaq təmsil edəcək

18:36 | 10 Sentyabr, 2021

Bu ilin noyabrında Bakıda keçiriləcək Azərbaycan Uşaqlarının V Ümumrespublika Forumunda iştirak edəcək nümayəndələrin seçimi məqsədilə bölgələrdə namizəd uşaqlarla görüşlər davam edir. Respublikanın şimal-qərb bölgəsində sonuncu seçim turu sentyabrın 10-da Qax rayonunda reallaşıb.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Zaqatala Uşaq və Ailələrə Dəstək Mərkəzi tərəfindən Qax rayon Təhsil Şöbəsində təşkil edilən seçim turunda sosial fəallığı ilə seçilən və fikirlərini sərbəst şəkildə ifadə etməyi bacaran 13-17 yaş arasında 20 namizəd uşaq iştirak edib. Görüş zamanı uşaqların bacarıqlarının üzə çıxarılması üçün onlara suallar ünvanlanıb, qiymətləndirmə aparılıb. Seçim aparılarkən uşaqların liderlik, təşəbbüslə çıxış etmək, ünsiyyət qurmaq, şəbəkə yaratmaq bacarıqlarına diqqət yetirilib, gələcək planları barədə fikirləri öyrənilib.

Zaqatala Uşaq və Ailələrə Dəstək Mərkəzinin rəhbəri Gövhərət İbrahimova AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Regional İnkişaf İctimai Birliyi və BMT-nin Uşaq Fondunun birgə təşkilatçılığı ilə keçirilən Forumun məqsədi uşaq hüquqlarının qorunması və təbliğinə nail olmaq, proqram və layihələrin hazırlanması və həyata keçirilməsində uşaqların fikirlərini nəzərə almaq, onların maraqlarını qorumaq, uşaqlara öz problemlərini qaldırmaq, təşəbbüslərlə çıxış etmək və tövsiyələr vermək imkanı yaratmaq, dövlət orqanlarının, ictimaiyyət və vətəndaş cəmiyyətinin, eləcə də kütləvi informasiya vasitələrinin diqqətini uşaqların hüquq və azadlıqlarının qorunmasına yönəltməkdir.

Seçim turunun yekununa əsasən, sosial fəallığı ilə fərqlənən 3 uşaq V Ümumrespublika Forumunda Qax rayonunu təmsil edəcək.

Facebookda şərh edin